Oktyabrın 14-də İlham Heydər oğlu Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xüsusi iclası keçirilib.
AzerTimes xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çıxış edərək, çoxşaxəli və zəngin fəaliyətində Prezidentin ən mühüm nailiyyətlərindən birinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, işğalda olan ərazilərimizin geri qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər olduğunu bildirib. Qeyd edib ki, bu gün bizim mükəmməl institutlarımız, güclü iqtisadiyyatımız, müdafiə potensialımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası isə dünyada tanınan və nüfuz sahibi olan İlham Əliyev kimi liderimiz var.
Anar İbrahimov deputat həmkarlarını və onların seçicilərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Sonra Ali Məclisin deputatları Əmir Babayev, Ehtibar İsmayılov, Yeganə Məmmədova, Hacıfəxrəddin Səfərli, Ehtimad Məmmədov, Vüsalə Əliyeva və Asim Əliyev çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasında bütün sahələrdə əldə edilən yüksək göstəricilərin Ulu Öndər Heydər Əliyevin milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsi olduğu, sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji tədbirlərin Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, nəyin bahasına olursa-olsun dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirib. Bu gün Ulu Öndərin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.
Deputatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gəldiyini, ölkə başçısı seçildiyi ilk gündən bu günə kimi verdiyi vədləri yerinə yetirdiyini, bununla da Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, xalq-iqtidar birliyinin yaranması, xalqın Prezidentinin ətrafında bir yumruq kimi birləşməsi bütün çətinliklərin həllini şərtləndirdi. Ölkə başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda söz, fikir azadlığı, güclü iqtisadiyyat, güclü ordu, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclik və şanlı ordumuz qızıl hərflərlə Zəfər salnaməsi yazdı, 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. Uğurla başa çatan antiterror tədbirləri ilə isə Azərbaycan bütün dünyaya öz gücünü bir daha nümayiş etdirdi, suverenliyimiz təmin olundu. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.
Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan bütün sahələrdə – iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər istiqamətlərdə böyük uğurlara imza atıb. Buna görədir ki, ölkəmiz inkişaf dinamikasına görə dünyada lider dövlətlərdən biri kimi özünü təsdiqləyib. Hazırda ölkənin bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf edir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən tədbirlər bunun əyani sübutudur.
Çıxışlarda deputatlar Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını vurğulayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının layihəsi hazırlanıb.
Ali Məclisin deputatı Aidə Cəlilzadə İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirib.
Bəyanatın təsdiq edilməsi ilə əlaqədar hazırlanmış qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.