İlham Əliyevin bu çıxışı dünya mediasının diqqətində

İlham Əliyevin bu çıxışı dünya mediasının diqqətində

Gürcüstan mediası Prezident İlham Əliyevin Forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlərdən xəbərlər yaymaqda davam edib.

AzerTimes xəbər verir ki, “apsny.ge”, “interpressnews.ge”, “ambebi.ge”, “realnews.ge”, “kavkasia.net”, “adjaratv.ge” portalları, “1tv.ge”, “maestro.ge”, “rustavi2.ge” və digər televiziya kanalları Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinə dair fikirlərinə geniş yer verib.

Dövlətimizin başçısının çıxışından sitatla verilən materiallarda deyilir: “Gürcüstanın AB-yə üzv olmaq istəyi ilə bağlı onu deyə bilərəm ki, biz bunu başa düşürük və Gürcüstana uğurlar arzulayırıq”.

Materiallarda Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan Avropada vahid komanda kimi təmsil oluna bilmələrinə dair fikrinə daha çox diqqət yetirilib.

Eyni zamanda, dövlətimizin başçısına istinadla bildirilib: “Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Əlbəttə ki, bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi”. Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin dövlətimizin başçısının Cənubi Qafqazda regional inteqrasiya üçün məsləhətləşmələrə başlamaq şansının olması barədə fikirləri də geniş yer alıb.

Ümumilikdə gün ərzində Gürcüstan mediasında Azərbaycan Prezidentinin Forumdakı çıxışı ilə bağlı 20-dən çox material və reportaj yayımlanıb.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Ukrayna mətbuatının da diqqət mərkəzində olub.

Bu ölkənin “Strana.ua”, “Antikor”, “Pozitsiya” xəbər portallarında nəşr olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməsinə dair fikirləri yer alıb.

Yazılarda dövlətimizin başçısının bu fikirlərinə diqqət çəkilib: “Mən Ermənistanın baş naziri ilə dəfələrlə söhbət etmişəm və soruşmuşam ki, niyə onlar öz öhdəliklərini yerinə yetirmirlər. …doqquzuncu maddədə aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir. Əslində, hüquqi nöqteyi-nəzərindən, bunun artıq mahiyyəti çox deyil. Bu, onun öhdəliyidir. Biz nə edə bilərik? Biz yalnız onu deyə bilərik ki, onlar öhdəliyini pozurlar”.

Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin sülh sazişinə dair fikirləri də yer alıb. “Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, – deyə dövlətimizin başçısından sitat gətirilib.

“Bloomberg”, “Financial Post” və digər mətbu orqanlarında “Azərbaycan silah tədarükünün doğurduğu müharibə riski ilə bağlı Ermənistana xəbərdarlıq edir” mövzulu materiallar dərc edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Fransa və Hindistanı Ermənistana təhlükə hesab etdiyi silahlarla təmin etməmək barədə xəbərdarlıq edib və belə tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini deyib. Eyni zamanda Ermənistanın adıçəkilən ölkələrdən silah-sursat almağa başlayacağı təqdirdə, Azərbaycan öz əhalisini qorumaq üçün reaksiya verməli olacaq. Məqalələrdə xüsusilə diqqətə çatdırılır ki, üç ay bundan əvvəl Qarabağda əməliyyat keçirən Azərbaycanın Ermənistanı işğal etmək niyyəti yoxdur.

Diqqətə çatdırılır ki, Qarabağdakı uğursuzluqdan sonra Ermənistan Moskvadan uzaqlaşaraq başqa yerdə dəstək axtarır. Son aylarda İrəvan hökuməti Fransa və Hindistanla hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar da daxil olmaqla silahların alınması üçün müqavilələr imzalayıb.

Həmçinin materiallarda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla sülh sazişi üzrə danışıqlar aparmaq üçün Bakıya səfərinə də toxunulub. Qeyd edilib ki, Azərbaycan dövlət başçısı Ermənistanın yeni silah tədarükü ilə cəsarətlənərək Qarabağa gələcəkdə iddialar qaldırmayacağına dair “ciddi təminat” verilməli olduğunu vurğulayıb.

Teqlər: