Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayevlə 24 avqust 2022-ci ildəki görüşü, ümumən, qardaş ölkənin dövlət başçısının respublikamıza rəsmi səfəri tarixi hadisə dəyərindədir.
Qazaxıstan Prezidentinin səfəri bir çox əlamətdar məqamlar, rəmzlər, ilklər və əlbəttə, çoxsaylı mühüm sənədlərin imzalanması ilə müstəsna şəkildə fərqləndi. Məsələn, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” başda olmaqla, Prezidentlərin hüzurunda imzalanan Azərbaycan-Qazaxıstan sənədlərinin məcmusu ötən il Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə müqayisə olunur. Bu, ən azı iki cəhətdən diqqətəlayiqdir:
1) Azərbaycan-Qazaxıstan sənədləri yalnız Azərbaycanın Türkiyə ilə imzaladığı ən yüksək sənədlə müqayisə olunur;
2) Şuşa Bəyannaməsinin örnək təşkil etdiyi, bundan öncə Azərbaycan-Qırğız Respublikası, Özbəkistan-Türkiyə, Özbəkistan-Azərbaycan sənədləri ilə yeni dalğalar, yeni üfüqlər qazanaraq, miqyasını böyütməkdə olduğu görünməkdədir.
Prezident İlham Əliyevin qardaş ölkənin ən yüksək ordeni – “Altın kıran” – “Qızıl qartal” ilə təltif edilməsi və təqdimetmə zamanı Prezident Qasım-Jomart Tokayevin dediyi sözlər tarixi mahiyyət daşıyır. Həmin sözlər Azərbaycan Prezidentinin 12 noyabr 2021-ci ildə Türk Dünyasının Ali Ordeni ilə təltif olunarkən deyilən sözlərlə həmahəngdir: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.
Üstəlik, Şuşa ilə Türküstanın qardaşlaşması haqqında sənədin imzalanması, Füzulidə Qazaxıstanın Azərbaycana hədiyyəsinin – Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi möhtəşəmdir!
Bunlar xalqlarımızın dostluğunun, qardaşlığının mötəbər təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin, qarşılıqlı güvənin, Azərbaycanın tarixi Zəfərin, Zəfərin yaratdığı yeni gerçəkliklərə və perspektivə verilən dəyərin təntənəsidir.
Məmnuniyyətlə vurğulaya bilərik ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirə bilir. Prezidentlərin vurğuladığı kimi, ikitərəfli münasibətlərdə, beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Qardaş ölkələrimiz bir-birinə həqiqi dost olan, doğma olan dövlətlərdir. Biz strateji tərəfdaşlarıq, etibarlı müttəfiqlərik.
Qardaş ölklərimizin ikitərəfli əməkdaşlığında yeni altun səhifə açılır. Heç təsadüfi deyil ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı 20-dən artıq vacib sənəd imzalanıb. Əlbəttə, bu, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi şəkildə kömək edəcək. İmzalanmış sənədlərdən bir neçəsini yada salaq:
– “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”;
– “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”;
– “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”;
– “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”;
– “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu” və b.
Göründüyü kimi, bu sənədlərin imzalanması ilə ölkələrimiz arasındakı mədəni, elm, təhsil, xarici siyasət, iqtisadi, ticari, siyasi, kommunikasiya və digər əməli fəaliyyət sahələrində işbirliyi daha da inkişaf edəcəkdir.
Yazının girişində də vurğuladığımız kimi, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin fövqəladə dərəcədə önəmlidir və bütün digər sənədləri ümumiləşdirən, cəm edən və necə deyərlər, bütövləşdirən sənəddir. Bu isə yeni imkanlarla yanaşı yeni məsuliyyət deməkdir. Bəyannamə qardaş ölkələrimizin işbirliyinin bütün vektorlarını ehtiva etməkdədir. Ayrıca, bu, Bəyannamə Azərbaycan-Qazaxıstan münasibətlərini yeni mərtəbəyə qaldırmaqla birgə, Azərbaycanın Mərkəzi Asiyanın digər ölkələri (Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, Tacikistan) ilə çoxvektorlu işbirliyinin gələcəkyönümlü inkişafını da təcalla etdirir. Mərkəzi Asiya ölkələrinin coğrafi mövqeyinin, təbii ortamının, tarixi inkişaf yolunun, mədəniyyət, dil və din özəlliklərinin eyniliyi və ya oxşarlığı onların iqtisadi bağlarının genişlənməsinə, dərinləşməsinə, Xəzərin bu tayındakı Qardaş ölkələri Azərbaycanla birgə siyasi və iqtisadi təşkilatlarının yaranmasına müsbət təsir göstərir.
Mərkəzi Asiya regionuna daxil olan ölkələr gündoğarda Çinin Böyük Xinqan dağlarından başlamış günbatarda Xəzər dənizi qıyılarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana birbaşa çıxış yolu yoxdur. Bu regionu Qafqaz və Avropa ölkələri birləşdirən ən əlverişli yol Xəzər dənizi üzərindəndir. Azərbaycanın paytaxtı ilə Mərkəzi Asiyanın Aktau (Qazaxıstan) və eləcə də, Türkmənbaşı (Türkmənistan) arasında gəmi-bərə körpüsünün salınması regionun Qafqazla iqtisadi bağlarının daha da yaxşılaşmasına səbəbdir. Son illər Mərkəzi Asiyanın Çin, İran və Əfqanıstanla dövlət sərhədlərinin sadələşdirilməsi regionun xarici nəqliyyat bağlarının genişlənməsinə, bununla da regionun və adıkeçən ölkələrin, digər bir sıra Asiya ölkələrinin Azərbaycan üzərindən Avropa ilə iqtisadi-ticari bağlarının əlverişli şəkil almasına gətirb çıxarmaqdadır. Regiondan keçən qədim İpək yolu getdikcə daha böyük ölçüdə bərpa olunur.
Beləliklə, heç təsadüfi deyil ki, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də öz əksini tapıb. Bu isə Orta Dəhlizin tərkib hissəsi olacaq.
Dövlətlərimiz və qardaşlığımız var olsun!