İlham Əliyevi Avropada niyə sevmirlər?

İlham Əliyevi Avropada niyə sevmirlər?

Ötən ilin noyabrında Serbiyaya səfəri zamanı Əliyevin təyyarəsini müşayiət etmək üçün qırıcılar qaldıran Aleksandr Vuçiç çox səmimi və heç də hər liderin etiraf etmədiyi ifadələr işlətmişdi.

“Görürəm ki, bu, zarafat deyil, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosova ilə bağlı məsələ olanda, Kosova ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər, ya yox, yanaşma və prinsiplərini dəyişiblər, ya yox”, – Vuçiç demişdi.

2020-ci ilin 4 oktyabrında Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Şimali Makedoniya Prezidenti Stevo Pendarovski də bunu dolayısı ilə etiraf etmişdi: “Avropada ən çox arzuolunan şəxs (Prezident İlham Əliyev nəzərdə tutulur – red.) barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.

İlham Əliyevin son onilliklərdə etnik münaqişənin öhdəsindən gəlməyi bacaran yeganə lider kimi müsbət bir presedent yaratdığı barədə dünyanın ən məşhur siyasət adamlarının fikirləri də hər kəsə bəllidir.

Beləliklə, kiçik Azərbaycanın təbii sərvətindən milli maraqlar naminə maksimum istifadə ilə dəyişən dünya nizamına və dövlətlərarası münasibətlərə çevik reaksiya və vədinə sadiqlik, etibarlı portnyor imici İlham Əliyevi Avropada ən məşhur lider səviyyəsinə qaldırıb.

İlham Əliyev bütün resursları ölkənin ərazi bütövlüyü istiqamətində səfərbər etməyi bacaran, ölkələrlə münasibətləri ən yüksək səviyyədə quran və tarixi şansı anında dəyərləndirməyi bacaran çox nadir dövlət xadimlərindəndir.

İlham Əliyevə deyilən təriflərin 2022-ci ilin 4 oktyabrında olduğunu qətiyyən unutmayın: bu, 2022-ci ilin 13-14 sentyabr sərhəd toqquşmasından cəmi 20 gün sonra idi.

2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatlarından sonra AŞPA-nın və bir çox qurumların əleyhimizə verdiyi bəyanatlarla birgə, bir faktı da yadda saxlamalıyıq. Hətta Fransa belə Azərbaycana hər hansı sanksiyanın “əks-effekt verəcəyini” bildirərək, bu təklifi rədd etmişdi, AB isə ümumiyyətlə heç bir sanksiyadan söhbət getməyəcəyini bildirdi.

İlham Əliyevin zamanlamasına diqqət edirsinizmi?

“Niyə İlham Əliyev yalnız 20 (17 il də demək olar) ildən sonra torpaqları aldı? Bunu niyə daha əvvəl etmədi” deyə sual edən həvəskar siyasi şoumenlər yəqin ki, yetişən tarixi şəraitdən ideal istifadə faktorunu anlaya bilmirlər. Bütün hakimiyyəti boyu iqtisadiyyatı, ordunu, diplomatiyanı gücləndirərək, debatlarda rəqibini məhv edərək, zamanın yetişməsini təmkinlə gözləmək və fırlanan çarxın “donma anlarında”, tarixi tsikillərdə zərbələrlə “Qordi düyünlərini” kəsib atmaq bacarığı strateji düşüncə, böyük fəhm, dövlət ərkanı və dünyadakı prosesləri dərindən təhlil etmək bacarığı tələb edir.

Yuxarıda xatırlatdığımız etiraflar əlbəttə ki, daxildə bir qısqanclıq hissi də doğurur – necə ki, Vuçiç bunu açıq şəkildə, mərd-mərdanə deyir.

Böyük Fransanın nüfuz dairələrini bir-birinin ardınca itirən Emmanuel Makron kiçik ölkəni sürətlə böyüdüb-bütövləşdirən və özünün-ölkəsinin təsirini artıran İlham Əliyevi necə sevsin? Fransanı Cənubi Qafqaza yaxın buraxmayan və heç bir təsiri qəbul etməyən İlham Əliyevlə hər qarşılaşmadan sonra niyə Papazyana zəng edib, hikkəsini tökməsin və siyasi səriştəsizliyinin günah keçisini axtarmasın?

İş o yerə çatır ki, nəhəng Rusiyanın Prezidenti Vladimir Putin də İlham Əliyevin Praqada Paşinyanı Qarabağın Azərbaycan ərazisi olmasına imza atmasını təmin etməsindən sonra Azərbaycan Prezidentinin ona yaxınlaşaraq, “gördünüz də…” sözlərini hikkə ilə deyir. 2020-ci il 10 noyabr sazişi ilə Rusiyanı Qarabağa buraxıb, Qərbi neytrallaşdıran İlham Əliyev 2022-ci ildə Qərbdə, Praqada Qarabağın Azərbaycan olduğunu təsdiqlədib, Putini fakt qarşısında qoyursa, Rusiya lideri bu qeyri-adi siyasi manevrin önündə nə deməlidir?

Aldatma yoxdur, vədə xilaf yoxdur – sadəcə, öz milli maraqları üçün seçilən platformalardan ən ideal istifadə, hansı platformadan hansı nəticəni almaq fitri istedadı var.

Bu, fövqəladə bacarıqdır, çox nadir halda yetişən dövlət daximlərinə xasdır.

İlham Əliyev bunları bacardığı üçün sevməyənləri az deyil – Heydər Əliyevi də Kremldə məhz buna görə sevmirdilər.

Hər zaman belə olub – tarixdə böyük istedadları, qeyri-adi şəxsiyyətləri, misilsiz dövlət xadimlərini digər liderlər təhlükə kimi gördükləri üçün sevməyiblər. Kim istəyər ki, qarşısındakı böyük oyunçu olsun – hər fövqəlgüc “sözəbaxan ölkə və ələbaxan liderini” arzulayar.

Təbiidir!

Yaşımızın imkan verdiyi tarixdən – məsələn, son 40-50 ildən nələri bilirik?

Ölkə lideri hansısa müəssisənin təməlini atır, binanın özülünü qoyur, yol açır… Ən yaxşı halda, ən idealda paytaxtın köçürülməsi qərarını verən liderlər var – çox az sayda.

İlham Əliyev isə kəndin bünövrəsini qoyur – həm də bir deyil, onlarla!

İlham Əliyev şəhərin özülünü atır – həm də birinin deyil!

İlham Əliyev 17 min kv.km-nı bina-bina yox, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər sıfırdan tikir!

İlham Əliyev Azərbaycan Bayrağını bütün ölkə boyu bina-bina qaldırır!..

Bu şəxsi əcnəbi liderlər necə sevsin?

Liderin reytinqi olar 50+1, ən yaxşı halda 60, lap uzağı 70% – elədirmi?

97,5 faiz reytinqlə lider olarmı? İlham Əliyevdən başqa hazırda dünyada bu reytinqdə lider varmı?

Yoxdur!

Yaxşı, bu adamı niyə sevsinlər ki?

Ancaq sevməsələr də, hesablaşırlar, qəbullanırlar və hərdən, etiraf etməyə də cəsarətləri çatır!

Teqlər: