İlham Əliyevdən seçki gününün sensasion aktı…

İlham Əliyevdən seçki gününün sensasion aktı…

Heyrətamiz gedişdir: yəqin ki, çoxumuz İlham Əliyevin Şuşada səs verəcəyini gözləyirdik – qayət normal, proqnozlaşdırılan idi. Ancaq məhz Xankəndini seçməsi seçki gününün sensasion siyasi aktı oldu.

İlham Əliyev müstəqillik tariximizdə ölkənin bütün ərazisini əhatə edən ilk seçkimizdə – 7 fevral 2024-cü il tarixində yox, tarixi günündə – onillərlə separatçı yuvasına çevrilən Xankəndi şəhərinə gedir, məhz separatçıların onillərlə qərargaha çevirdiyi iqamətgahdan səs verir – həm də ailə üzvləri ilə birgə: məhz bu şəhəri, məhz bu iqamətgahı arındırır, ora səsimizi, sözümüzü və bütövlüyümüzü götürür və bu şəhəri seçkilərin mərkəzinə çevirir; bütün nəzərləri Xankəndiyə yönəldir.

Bu, yalnız ölkə daxilinə verdiyi mesaj deyil – baxmayaraq ki, sosial şəbəkələrdə bunu sevinclə, fərəhlə qarşılayanların sayı-hesabı yoxdur; xüsusilə Xankəndiyə köçməyi səbirsizliklə gözləyən xankəndililər “Prezident bizim şəhərdə səs verdi” deyə, qürurla paylaşım edir, şərhlər yazırlar – haqq edirlər, əcəb edirlər, onillərdən sonra sevinmək, qürurlanmaq ana südü kimi halal haqlarıdır!

Ancaq bu, həm də dünyaya bir mesajdır, bütün beynəlxalq təşkilatlara Azərbaycanın ərazi bütövlüyünün rəsmiləşdirilməsinin, möhürlənməsinin, damğalanmasının elanıdır.

Prezidentin səs verməsi üçün Xankəndini seçməsi, özünün dediyi kimi, 20 illik dövrə yekun vurmasının nümayişidir: 20 il əvvəl Qarabağın azadlığı üçün başlayan yol tam 20 ildən sonra Xankəndidə Prezidentin bütün ailə üzvləri ilə Azərbaycan Prezidentinə səs verməsi ilə yekunlaşdı!

Prezidentin səs verməsi üçün Xankəndini seçməsi həm də yaxın milli hədəfə işarə, strategiya, 10 yanvar 2024-cü ildə elan edilən yol xəritəsinin real coğrafi koordinatının nümayişidir.

İlham Əliyev artıq milli strategiyanın yeni hədəflərinin siyasi “Baş planını” artıq hazırlayıb, bu gün tətbiqinə başladığını görüntülədi.

Bu, həm də Azərbaycan xalqına bir subliminal mesaj, çağırışdır!

Yeni dövrə bu gün qədəm qoyduq – Xankəndidən!..

Teqlər: