İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı

İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı tarixi seçimini edərək öz səsini ölkəmizdə Heydər Əliyev siyasətinin davam etdirilməsinə, sabitliyin qorunmasına və dinamik inkişafın təmin olunmasına verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il yanvarın 10-da etdiyi müraciətində demişdir: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.

O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciət, əslində, Azərbaycan dövlətinin və xalqının gələcək müqəddəratını həll edəcək bir çağırış idi. Xalqımız bu çağırışı layiqincə dəyərləndirdi və öz gələcək taleyini Ulu Öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi.

AzerTimes xəbər verir ki, bu sözləri ölkə mətbuatına açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq olub:

“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Milli qürur və ləyaqət məfhumları Azərbaycanın son illər ərzində əldə etdiyi möhtəşəm uğurların, parlaq qələbələrin əsasında durdu. Prezident İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizi qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı”.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xəttinin özündə demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoq kimi amilləri birləşdirdiyini vurğulayan K.Qafarov deyib:

“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin etmişdir. Müasir dünyada, o cümlədən ölkəmizdə sürətlə dəyişən reallıqlar və ardıcıl yenilənən obyektiv amillər islahatların davamlı aparılması tələbini ortaya çıxarır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu. Bu mütərəqqi proses indi də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Etibarlı ictimai münasibətlərin formalaşmasına xidmət edən islahatlar yeni yaranan siyasi konfiqurasiyanın əsas tərkib hissəsi kimi çıxış edir. O cümlədən, ölkədə iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas göstəricilərindən biridir. Dövlətimizin başçısının birbaşa tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisi üzrə əhatə dairəsinin miqyasından, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq respublikamızda fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübə olmuşdur”.

Deputat Prezident İlham Əliyevin dünyada mövcud olan bir ovuc antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı hazırladıqları məkrli planları məharətlə pozduğunu qeyd edərək deyib:

“Cənab İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində malik olduğu fundamental biliklər dünyada mövcud olan islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizə qarşı hazırladıqları və həyata keçirmək istədikləri dağıdıcı planların qarşısında əsl sipər olmuşdur. Dövlətimizin başçısı öz əzmkarlığı, diplomatik məharəti, siyasi iradəsi sayəsində, ilk növbədə, düşmənlərimizin Azərbaycanda yaratmaq istədikləri “idarə olunan xaos” planını pozdu. Xalqımızın parçalanmasına hesablanmış etnik, siyasi və ideoloji qarşıdurmalar bəlasını ölkənin başı üzərindən sovuşdurdu. Möhtərəm Prezidentimizin ən böyük xidmətlərindən biri də bu oldu ki, o, düşmən qüvvələrin Şərqin bir çox müsəlman ölkələrində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin Azərbaycanda reallaşdırılmasının qarşısını ustalıqla aldı. Bu hücuma Azərbaycan Prezidenti bütün təfərrüatlarına qədər zərgər dəqiqliyi ilə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli qürur amillərini qarşı qoydu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xəttinin ən böyük təntənəsi isə, əlbəttə, Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu II Qarabağ müharibəsinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü bərpa etməsində təzahürünü tapdı. Dövlətimizin başçısı xalqın 30 illik həsrətinə, dədə-baba torpaqları nisgilinə son qoymaqla Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirmiş oldu”.

Teqlər: