20:01
Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər”.
***
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra – kredit təşkilatları) manatla aldıqları kreditlərə hesablanmış faizlər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılsın.
2. “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etsin”.
***
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 40-cı maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;
1.3. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bəndə “Qanununun” sözündən sonra “40-cı maddəsinin dördüncü hissəsində və” sözləri əlavə edilsin;
3.2. 3.15-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.16-cı bənd əlavə edilsin:
“3.16. həmin Qanunun 40-cı maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.”.
4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1-1-ci bəndə “10.2.6-cı maddəsində,” sözlərindən sonra “37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində,” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin:
“3.1-2. həmin Qanunun 37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;”.