İlham Əliyev Tehrandan bunu tələb etdi

İlham Əliyev Tehrandan bunu tələb etdi

Bakı Tehrandan səfirliyimizə qarşı törədilən terror aktına görə təkcə “maşa”nın yox, “maşanı tutan əl”in də cəzalandırılmasını tələb edir.

Əliyev yerli telekanallara müsahibəsində bunu açıq şəkildə bəyan etdi və bildirdi ki, yalnız bundan sonra münasibətlərin normallaşmasından danışa bilərik: “Terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır”.

Terror aktı baş verəndə də yazmışdıq: hücumun arxasında Azərbaycanla gərginliyin davam etməsində maraqlı olan SEPAH-ın dayandığı ehtimalı böyükdür. Əliyev də Tehrana “terror aktının sifarişçilərinin kim olduğunu bilirik” mesajını verir.

Azərbaycan münasibətlərin normallaşması üçün haqlı olaraq, “maşanı tutan əlin” də cəzalandırılmasını tələb edir. Çünki terakt İran rejiminin iddia etdiyi kimi “məişət hadisəsi” qədər bəsit deyil və Tehran əlaqələrin bərpasını istəyirsə, öz içindəki sabotajçıları neytrallaşdırmalıdır. Hərçənd, terrorçudan müsahibə alan və mühakimə etməmək üçün psixi xəstəxanaya yerləşdirən İran rejiminin bunu edəcəyi gözləntisi azdır. Bu da Bakı-Tehran xəttində gərginliyin uzun müddət davam edəcəyi deməkdir.

Teqlər: