İlham Əliyev Makrona fürsət tanımadı

İlham Əliyev Makrona fürsət tanımadı

Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbi Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır, hərçənd, yeganə səbəb bu deyil və burada iki mümkün hədəf var:

Birincisi, Ermənistanın üstünlük qazanmaq imkanının əlindən alınmasıdır;

İrəvanın kommunikasiyanın açılması və sərhədinn delimitasiyası məsələsinə öz yanaşması var: Naxçıvana “maneəsiz keçid”i – Zəngəzur dəhlizini vermir; sərhəddə “güzgü prinsipi”ni – qoşunların qarşılıqlı geri çəkilməsini istəyir.

Və buna yalnız Qərb platformasında nail olmaq imkanı var. Bu kontekstdə Qranada görüşü Ermənistan üçün əhəmiyyətli idi. Dördün birə nisbətində – Fransa+Almaniya+Avropa İttifaqı+Ermənistan və Azərbaycan – keçiriləcək görüşdə Azərbaycana təzyiqin ediləcəyi gözlənilirdi və bu, təkcə sülh danışıqlarında İrəvanın mövqeyinin gücləndirilməsi ilə bağlı yox, həm də Qarabağ məsələsi ilə bağlı ola bilərdi. Qərbin “beynəlxalq missiya” adı altında bölgəyə daxil istəyi ortadadır.

Rəsmi Bakının Türkiyənin də görüşdə iştirakını tələb etməsi bundan qaynaqlanır. Əliyev nəticəsi əvvəldən bəlli olan görüşə getməməklə İrəvanın üstünlüyünü əlindən aldı.

İkincisi, Cənubi Qafqaza kənar müdaxilələrin zəiflədilməsi addımıdır;

Antitrerror tədbirlərinin nəticəsi olaraq Qarabağ məsələsi sülh danışıqlarından çıxarıldı, artıq İrəvanın bu kartdan istifadə imkanı zəifdir. Bundan sonrakı mərhələdə sülh sazişinin imzalanması prosesinin sürətlənəcəyi görünür və burada əsas həlledici amil Zəngəzur dəhlizinin açılması, daha doğrusu, bu kommunikasiyanın “yol”, yoxsa, “dəhliz” məntiqi ilə açılmasıdır.

– Azərbaycan və Türkiyə Naxçıvana maneəsiz keçidin – Zəngəzur dəhlizi – təmin edilməsini tələb edir;

– Rusiya bölgədə rıçaqlarını qorumaq, həm öz qoşunlarının dayanacağı yeni plasdarm yaratmaq, həm də Ermənistana yeni quru yol əldə etmək üçün “dəhliz məntiqi”ni müdafiə edir;

– Qərb Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflətmək, eyni zamanda, bölgədə iştirakçılıq payını artırmaq üçün Ermənistanın nəzarət edəcəyi “yol məntiqi”ni irəli sürür.

Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqazla bağlı istəkləri uzlaşır. Və istəklərinə nail olmağın yolu kənar oyunçuların prosesə müdaxiləsinin qarşısını almaq, Ermənistanın “altertiv qapılarını” bağlamaqdan keçir. Bu məqsədlə dördtərəfli format – Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan – təklif edildi və sülh sazişinin bu formatda imzalanması planı var. Əliyevin Qranadaya getməkdən imtina etməsi Cənubi Qafqazda proseslərin perspektiv inkişafını müəyyənləşdirmək gedişi hesab edilə bilər.

İrəvan Bakı və Ankaranın şərtlərinin qoyulduğu, Moskvanın da dəstəklədiyi masaya gəlməlidir. Qarabağda 24 saatlıq “həll əməliyyatı”nın regional hədəfi də bu idi.

Teqlər: