İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Japarovu təbrik etdi

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

AzerTimes məktubun mətnini təqdim edir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafı məmnunluq doğurur.

Cari ilin aprelində Azərbaycana rəsmi səfəriniz zamanı əldə olunan razılaşmalar və imzalanan bir sıra sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinin bariz nümunəsidir.

İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi naminə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.

Teqlər: