Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
AzerTimes məktubun mətnini təqdim edir:
“Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.