15:54
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
AzerTimes fərmanın mətnini təqdim edir:
1. 2024-cü il mayın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Efiopiya Federativ Demokratik Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Razılaşma qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərsin.