14:32
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzerTimes fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;
1.2. 2.0.4-cü yarımbəndə “üçün” sözündən sonra “prioritetləri müəyyən edir və investisiyaların təşviqi üzrə digər” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 2.0.5-1-ci və 2.0.8-1-ci yarımbəndlər əlavə edilsin:
“2.0.5-1. rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;”;
“2.0.8-1. mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak edir;”;
1.4. 2.0.13-cü yarımbənddə “yüksək texnologiyalar sektorunun” sözləri “müvafiq sahənin” sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı məzmunda 2.0.15-1-ci yarımbənd əlavə edilsin:
“2.0.15-1. aidiyyəti dövlət qurumları ilə birlikdə internet idarəçiliyinin həyata keçirilməsi, habelə televiziya və radio yayımının, efir məkanının informasiya təhlükəsizliyinin və radiospektr idarəçiliyinin təmin edilməsi, eləcə də qlobal kiberhücumların qarşısının alınması ilə bağlı tədbirlər görür;”;
1.6. 2.0.16-cı yarımbəndə “şəbəkələrinin” sözündən sonra “, o cümlədən həmin şəbəkələrin kosmik seqmentinin” sözləri əlavə edilsin;
1.7. 3.0.3-cü yarımbənddə “bu sahədə” sözləri “o cümlədən” sözləri ilə əvəz edilsin;
1.8. aşağıdakı məzmunda 3.0.3-1-ci və 3.0.3-2-ci yarımbəndlər əlavə edilsin:
“3.0.3-1. dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidi üçün tədbirlər görmək;
3.0.3-2. rəqəmsal və digər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə istifadəçilərin məlumatlılıq səviyyəsini artırmaq, həmin xidmətlər üzrə problemlər, eləcə də xidmətlərdən istifadə məmnunluğu ilə bağlı istifadəçilərdən alınan rəylər əsasında proseslərin davamlı təkmilləşdirilməsi üçün tədbirlər görmək;”;
1.9. 3.0.11-ci yarımbəndə “tikintisi” sözündən sonra “və satın alınması” sözləri əlavə edilsin;
1.10. 3.0.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.14. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;
1.11. aşağıdakı məzmunda 3.0.15-2 – 3.0.15-4-cü və 3.0.16-5-ci yarımbəndlər əlavə edilsin:
“3.0.15-2. yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına tabeliyindəki qurum vasitəsilə razılıq vermək;
3.0.15-3. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılmasına dair qaydaları müəyyən etmək;
3.0.15-4. Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla), dəmiryol nəqliyyatı vasitələrinin, mülki aviasiya hava gəmilərinin və kosmik obyektlərin rəsmi reyestrlərini tabeliyindəki qurumlar vasitəsilə aparmaq;”;
“3.0.16-5. şəhərdaxili hərəkət (mobillik) planına rəy bildirmək;”;
1.12. 3.0.19-cu yarımbənddə “aviadaşımalar” sözü “hava, su, avtomobil və dəmiryol daşımaları” sözləri ilə əvəz edilsin;
1.13. 3.0.33-cü yarımbəndə “mühitinin” sözündən əvvəl “ətraf” sözü əlavə edilsin;
1.14. aşağıdakı məzmunda 3.0.36-1-ci və 3.0.36-2-ci yarımbəndlər əlavə edilsin:
“3.0.36-1. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, habelə onların layihə sənədlərinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə təşkil etmək, fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi, operator və subyektlərin maariflənməsini təşkil etmək;
3.0.36-2. fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;”;
1.15. 3.0.42-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.42. beynəlxalq və regional təşkilatlarda müvafiq sahədə ölkənin maraqlarının qorunmasını təmin etmək;”;
1.16. 3.0.43-cü yarımbəndə “Reqlamentinə,” sözündən sonra “Beynəlxalq Radiorabitə Reqlamentinə,” sözləri əlavə edilsin;
1.17. aşağıdakı məzmunda 3.0.48-1-ci yarımbənd əlavə edilsin:
“3.0.48-1. radiospektr idarəçiliyinin həyata keçirilməsi ilə bağlı bilavasitə və tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;”;
1.18. 3.0.50-ci yarımbənddə “rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin,” sözləri “müvafiq sahədə fəaliyyət göstərən hüquqi və” sözləri ilə əvəz edilsin;
1.19. aşağıdakı məzmunda 3.0.57-1-ci yarımbənd əlavə edilsin:
“3.0.57-1. genişzolaqlı internetə çıxış imkanının və xidmətlərin keyfiyyətinin artırılması məqsədilə mövcud infrastrukturun texnoloji inkişafını təmin etmək;”;
1.20. 3.0.59-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.59. Azərbaycan Respublikasının ərazisində yerüstü və peyk rəqəmsal televiziya yayımını aidiyyəti qurumlarla birlikdə inkişaf etdirmək, rəqəmsal radio yayımını təşkil etmək və ən yeni yayım texnologiyalarını təşviq etmək;”;
1.21. 3.0.60-cı yarımbənddə “bu” sözü “həmin” sözü ilə əvəz edilsin;
1.22. 3.0.63-cü yarımbənddə “yüksək texnologiyalar” sözləri “müvafiq sahə” sözləri ilə əvəz edilsin;
1.23. 3.0.65-ci yarımbəndə “sahələrində” sözündən sonra “rəqəmsal inkişafın təmini, o cümlədən” sözləri əlavə edilsin;
1.24. 3.0.66-cı yarımbəndə “(o cümlədən startapların)” sözlərindən sonra “təşviq edilməsini, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən, vençur maliyyələşməsi) vasitəsilə” sözləri əlavə edilsin;
1.25. aşağıdakı məzmunda 3.0.67-1 – 3.0.67-3-cü yarımbəndlər əlavə edilsin:
“3.0.67-1. dövlət qurumlarına məxsus olan, eləcə də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi istisna olmaqla, ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
3.0.67-2. ölkədə preventiv tədbirlərin həyata keçirilməsini təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;
3.0.67-3. aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş elektron təhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olması) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək;”;
1.26. 3.0.68-ci və 3.0.69-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.0.68. aidiyyəti dövlət qurumları ilə birlikdə ölkənin efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
3.0.69. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, eləcə də dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin həmin Qanunun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət qurumları ilə birlikdə yoxlamaq;”;
1.27. 3.0.72-ci yarımbəndə “şəbəkələrinin” sözündən sonra “, o cümlədən həmin şəbəkələrin kosmik seqmentinin” sözləri əlavə edilsin;
1.28. 3.0.73-cü yarımbənd ləğv edilsin;
1.29. aşağıdakı məzmunda 3.0.75-1 – 3.0.75-8-ci yarımbəndlər əlavə edilsin:
“3.0.75-1. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydalara uyğun olaraq əlaqələndirici qurum funksiyalarını həyata keçirmək;
3.0.75-2. dövlət–vətəndaş (G2C – government to citizen), dövlət-biznes (G2B – government to business), dövlət–dövlət (G2G – government to government), biznes–dövlət (B2G – business to government), biznes–istehlakçı (B2C – business to consumer) və biznes–biznes (B2B – business to business) xidmətlərinin rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv təşkili, habelə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
3.0.75-3. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;
3.0.75-4. dəmiryol nəqliyyatı ilə daşıma proseslərinin fasiləsizliyinin, təhlükəsizliyinin və keyfiyyətliliyinin təmin edilməsinə dair təkliflər vermək;
3.0.75-5. dalan dəmir yollarında xidmət qaydalarını müəyyənləşdirmək, həmin qaydalara və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsinə, həmçinin dalan dəmir yoluna malik qurumlarda dəmiryol texniki istismar və texniki təhlükəsizlik qaydaları haqqında biliklərin yoxlanılmasına və sınaqdan keçirilməsinə nəzarət etmək;
3.0.75-6. lokomotivlərin, yük, sərnişin və baqaj vaqonlarının, motor-vaqonlu hərəkət vasitələrinin, habelə daşımaların yerinə yetirilməsini və dəmiryol nəqliyyatının fəaliyyətini təmin edən digər hərəkət tərkiblərinin və konteynerlərin istehsalına, istismarına və saxlanılmasına dair tələbləri müəyyən etmək;
3.0.75-7. dəmiryol nəqliyyatı infrastrukturunun ayrı-ayrı obyektlərinin, vahid istehsalat infrastrukturu şəbəkəsinin və qatarların istismarına, yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsinə, eləcə də ümumi istifadədə olan dəmir yollarında yük işinin, daşımaların və qatarların hərəkətinin təşkilinə nəzarət etmək;
3.0.75-8. dəmiryol nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlər göstərilməsi ilə bağlı tələbləri təsdiq etmək, həmçinin ümumi istifadədə olan dəmiryol infrastrukturundan istifadə olunmaqla sərnişin və yük daşımalarının həyata keçirilməsinə nəzarət etmək;”;
1.30. 3.0.78-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.78. dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin təşkilini və aparılmasını təmin etmək;”;
1.31. 3.0.79-cu yarımbənddən “aidiyyəti dövlət qurumları ilə birlikdə” sözləri çıxarılsın;
1.32. 3.0.87-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.87. rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi) dair ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;”;
1.33. 3.0.91-ci yarımbəndə “qaldırılması” sözündən sonra “və rəqəmsal inkişaf” sözləri əlavə edilsin;
1.34. aşağıdakı məzmunda 4.0.8-1-ci yarımbənd əlavə edilsin:
“4.0.8-1. dəmiryol nəqliyyatı infrastrukturunun, o cümlədən dəmiryol xətlərinin və inzibati binalarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, saxlanılması, maddi-texniki bazasının inkişaf etdirilməsi, yol təsərrüfatının cari saxlanılması üçün tədbirlər görmək;”;
1.35. 4.0.15-ci yarımbənddən “yüksək texnologiyalar üzrə” sözləri çıxarılsın;
1.36. 4.0.17-ci yarımbənddə “telekommunikasiya və yüksək texnologiya sahələrində” sözləri “müvafiq sahədə” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “dövri mətbu nəşr təsis etmək,” sözləri çıxarılsın;
1.37. 4.0.17-3-cü yarımbənddə “qurumlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq” sözləri “qurumlarının” sözü ilə, “yaradılması” sözü “formalaşdırılması” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 52-2-ci maddəsinin 3-1-ci hissəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur;
1.2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.2-ci maddələrində, 8.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında və 8.4-cü maddəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq, “Bələdiyyələrlə iş” informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
3.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Bələdiyyələrlə iş” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görsün;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə “Bələdiyyələrlə iş” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;
4.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Bələdiyyələrlə iş” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I); 2024, № 4, maddə 383) 3.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:
“3.7. həmin Qanunun 48-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 52-2-ci maddəsinin 3-1-ci hissəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.
6. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 922 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 473 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.3. həmin Qanunun 6.1-ci, 6.2-ci maddələrində, 8.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında və 8.4-cü maddəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.
7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1266 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyələrin Nümunəvi Reqlamenti”ndə aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2-ci hissə üzrə:
7.1.1. 2.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.”;
7.1.2. 2.5-ci bəndin birinci və üçüncü cümlələrində “onun müavini” sözləri “sədr vəzifəsini icra edən şəxs” sözləri ilə əvəz edilsin;
7.1.3. 2.12-ci bəndin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 (üç) iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.”;
7.2. 4-cü hissə üzrə:
7.2.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 (beş) iş günü müddətində yeni seçilən bələdiyyənin ilk iclası keçirilir. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır. Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir.”;
7.2.2. 4.2-ci bənddə “bələdiyyənin tabeliyindəki müəssisə, idarə və təşkilatların” sözləri “bələdiyyəyə məxsus hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.20-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.7-ci bəndə “164.1.7-ci,” sözlərindən sonra “164.1.20-ci,” sözləri əlavə edilsin;
3.2. 1.47-ci bənd ləğv edilsin.