İlham Əliyev Branbiçlə QH-dən danışdı

İlham Əliyev Branbiçlə QH-dən danışdı

Prezident İlham Əliyevin Serbiyanın Baş naziri xanım Ana Brnabiç ilə görüşündə Qoşulmama Hərəkatı (QH) ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.

AzerTimes xəbər verir ki, Serbiya QH-nın yaradıcısı olan dövlətlərdən biridir. Ötən il QH-nın yaradılmasının 60 illiyi də məhz Serbiyada qeyd olunmuşdu. Azərbaycan Prezidenti də həmin toplantıda onlayn qaydada çıxış etmişdi, Azərbaycan və Serbiyanın birgə təşkilatçılığı ilə QH-nın zirvə toplantısı da Serbiyada keçirilmişdi. Serbiya tərəfi bütün bunları çox yüksək qiymətləndirdiyini bildirib.

Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Serbiyaya çatdırılmasında və alınmasında Serbiya tərəfi çox maraqlıdır. Bununla əlaqədar aidiyyəti qurumlara tapşırıq verilib ki, bu məsələni işləsinlər. Serbiya Azərbaycandan kənd təsərrüfatında istifadə olunan gübrələrin də alınmasına maraq göstərir, bu sahədə də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində də əməkdaşlıq üçün böyük potensial var. Qara dənizin dibi ilə elektrik enerjisi xəttinin çəkilməsi ilə əlaqədar fikirlər var, bu, nəticə etibarilə Serbiyaya da çatdırıla bilər. İndiki halda Azərbaycan Türkiyə vasitəsilə Balkan regionuna elektrik enerjisi ixrac edir, bu məsələ ilə əlaqədar perspektivlər genişdir. Görüşdə hərbi-texniki əməkdaşlıq barədə də geniş fikir mübadiləsi aparılıb, bu sahədə hökumətlərarası komissiyanın potensialından istifadə edilməsi nəzərdən keçirilib.

Serbiyanın Baş naziri Azərbaycanı Serbiya üçün yaxın dost və etibarlı tərəfdaş adlandırıb, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlıq ruhunda əməkdaşlıq həm də bir-birinin ərazi bütövlüyü və suverenliyinə olan dərin hörməti ehtiva edir.

Teqlər: