Prezident İlham Əliyev bu gün (26 oktyabr) xalqa müraciətində sentyabrın 27-dən başlayaraq bu günə qədər Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus olan və döyüşlərdə məhv edilən hərbi texnikaların sayını açıqlayıb.
Ölkə başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə – 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik”.