Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) ikinci kurs tələbələri paytaxtdakı dağ yəhudiləri və gürcü yəhudiləri sinaqoqlarını ziyarət edib.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tələbələrə icmanın və sinaqoqun fəaliyyəti haqqında məlumat verib. İcma lideri qeyd edib ki, hazırda Azərbaycanda dağ yəhudilərinə məxsus 6 sinaqoq fəaliyyət göstərir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının isə 2000 ildən artıq tarixi var.
Milix Yevdayev daha sonra qeyd edib ki, Azərbaycan möhkəm tolerantlıq ənənələri olan ölkədir. Burada müxtəlif dinlərin, etnos və millətlərin, mədəniyyətlərin nümayəndələri əsrlərdir sülh, qarşılıqlı hörmət, dostluq şəraitində yaşayıb və bu ənənə günümüzdə də davam edir. Bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, yəhudi icmasının üzvləri dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
İcma rəhbəri Aİİ tələbələrinin Yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında suallarını cavablandırıb.
Qeyd edək ki, İlahiyyat İnstitutunun yaradılması haqqında Respublika Prezidentinin Sərəncamında qeyd olunduğu kimi, ali təhsil müəssisəsi qarşısında duran məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu məqsədlə İnstitut tələbələrin Azərbaycanda mövcud müxtəlif dini ibadət ocaqlarını ziyarətini, burada mövcud şərait, müxtəlif xalqların inanc və ibadət sistemi ilə əyani tanışlığı üçün səfərlər təşkil edir.