İlahiyyat İnstitutunda Ramazan tədbiri keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ramazan ayının hikmət və
fəzilətləri mövzusunda tədbir təşkil olunub.

Aİİ rektoru Aqil Şirinov Ramazan ayının gəlişi münasibətilə hər
kəsi təbrik edib, Ramazanın mənəvi yüksəliş və bərəkət ayı olduğunu
vurğulayıb. Ali təhsil müəssisəsinin rəhbəri bu ayın hikmət və
fəzilətlərindən yararlanmağın vacib olduğunu qeyd edib.

Rektor daha sonra səmavi dinlərdə oruc ibadəti haqqında
tələbələrə məlumat verib. Bildirib ki, İslamdan əvvəl də oruc
ibadəti bütün ilahi dinlərdə mövcud olub.

A.Şirinov Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq
olunan Ramazan ayının təqviminə, eyni zamanda, verilən tövsiyələrə
əməl edilməsinin vacibliyinə də toxunub.

Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov
Ramazan ayının hikmət və fəzilətləri mövzusunda bəhs edərək, oruc
ibadətinin insanlara səbri, təqvalı olmağı öyrətdiyini bildirib. Bu
müqəddəs ayda insanların lüzumsuz işlərin ardınca getməsinin doğru
olmadığını diqqətə çatdırıb.

Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və
ruzi-bərəkət ayı olduğunu vurğulayan V.Səmədov bu ayın insanları
gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd
edib. O, cəmiyyət üzvləri arasında əlaqələrin gücləndirilməsində də
Ramazan ayının xüsusi əhəmiyyətə malik olduğunu söyləyib.

Teqlər: