Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Aİİ-nin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycan Respublikasının Himni səsləndirilib.
Tədbir Aİİ-nin III kurs tələbəsi Ramazan Qardaşovun təqdimatında şəhidlərimizin əziz xatirəsinə Qurani-Kərimin tilavəti ilə başlayıb.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə baş tutan mərasimdə Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb. Ali təhsil müəssisəsinin rəhbəri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. Rektor 44 günlük Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.
A.Şirinov vurğulayıb ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandan cənab İlham Əliyevin, şücaət göstərən əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi 30 illik torpaq həsrətimizə son qoydu: “Bu gün qalib və yenilməz xalq kimi yaşamağımızı şəhidlərimizə, qazilərimizə borcluyuq”.
Aİİ rektoru daha sonra qeyd edib ki, Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda düşmənin törətdiyi ağlasığmaz vəhşiliklərin, vandallığın, dağıntıların şahidi olduq. “İnanır və həm də şahidi oluruq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımız yenidən bərpa olunacaq və biz öz doğma torpaqlarımıza geri dönəcəyik”.
A.Şirinov ölkə Prezidenti cənab İlham Əliyevin “Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri ilə nitqini sonlandırıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Ənvər Mustafayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən 44 günlük Vətən müharibəsi iştirakçıları barədə məlumat verib. Onların torpaqlarımızın azadlığı uğrunda keçdikləri döyüş yolundan, şücaətlərindən bəhs edib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Qafqaz Abdurrahmanov Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Elvin Abdurrahmanov barədə məlumat verib. Q.Abdurrahmanov şəhid Elvin Abdurrahmanovun döyüş yoldaşlarının dilindən olan xatirələri mərasim iştirakçıları ilə bölüşüb.
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Şəhid Vüqar Məmmədovun atası İlqar Məmmədov oğlunun ordu sıralarına könüllü qoşulduğunu qeyd edib. Şəhid atası onun keçdiyi döyüş yolundan bəhs edib.
“ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri qazi Mail Əsgərov da Anım Günü tədbirində iştirak edib. Döyüşlərə zabit kimi qoşulduğunu qeyd edən M.Əsgərov xalqın dəstəyini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan xalqı bu mübarizədə hər zaman ön cəbhədə döyüşən əsgərinin yanında olaraq, onlara ruh yüksəkliyi verirdi. Oktyabrın 15-i ağır yaralanaraq hərbi hospitala yerləşdirildiyini bildirən qazi Mail Əsgərov qeyd edib ki, Vətən Müharibəsi qələbə ilə başa çatdıqdan sonra, Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə onlarla görüşüblər. M.Əsgərov bununla vurğulayıb ki, hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır.
Mərasimdə şəhid, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Rəşad Ağayevin atası Rövşən Ağayev çıxış edib. Oğlunun döyüşlərə ilk qatılanlardan olduğunu bildirən şəhid atası Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Suqovuşan istiqamətində gedən savaşda snayper gülləsinə tuş gələrək şəhid olduğunu bildirib.
Qazi Müseyib Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi xatirələrini bölüşüb. Müharibənin ilk günündən döyüşlərə qatılan qazi Müseyib Məmmədov qeyd edib ki, mübarizəni müasir silahlarla aparmağımız şəhidlərimizin az olmasına gətirib çıxarıb.
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Aytac Mustafalı çıxış edib. Qeyd edək ki, A.Mustafalı Şəhid Əlizamin Mustafalının bacısıdır. O, qardaşının general Polad Həşimovun şəhid olmasından çox təsirləndiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü qeydiyyatdan keçdiyini bildirib. A.Mustafalı Şəhid Əlizamin Mustafalının döyüşlərə sentyabrın 29-dan qatıldığını bildirib və xatirələrini böüşüb.
Azərbaycan İlahiyyat İnstitutunun məzunu, qazi Davud Qəribli Azərbaycan tarixinin hər səhifəsində mübarizənin olduğunu, budəfəki Zəfər tariximizin isə fərqliliyini qeyd edib. Qazi Davud Qəribli bu mübarizədə xalqımızın maddi və mənəvi dəstəyinin ön cəbhədə döyüş ruhunu yüksəltdiyini vurğulayıb.
Biz haqq mübarizəsi apardıq və qalib gəldik.
Qarabağ Azərbaycandır!