İlahiyyat İnstitutunda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

Aİİ kollektivi öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb.

Daha sonra İnstitut heyəti II Fəxri xiyabanda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş 44 günlük Vətən müharibəsi iştirakçılarının xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüb.

Aİİ-də keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, Vətənimizin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Aİİ-nin III kurs tələbəsi Murad Kərəmovun təqdimatında şəhidlərimizin əziz xatirəsinə Qurani-Kərimin tilavəti ilə başlayıb.

Tədbirdə çıxış edən Aİİ rektoru Aqil Şirinov iştirakçıları salamlayaraq, hər kəsi ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. A.Şirinov tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edib.

Aİİ rəhbəri bildirib ki, 30 il gözlədiyimiz tarixə şahidlik etdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz təmin olundu.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Zəfər Günü münasibətilə hər kəsi təbrik edib. O, Zəfər Gününün əhəmiyyətini qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarix yazdığını vurğulayıb.

Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları Məmmədəliyev Xanlar, Əbilov Amil, Allahverdiyev Ayaz keçdikləri döyüş yolundan bəhs ediblər. Tibb bacısı Zalxa Təhləyeva isə Vətən müharibəsi zamanı şahidi olduğu hadisələrdən bəhs edib. Yaralı qazilərin ruh yüksəkliyini xüsusi vurğulayıb.

Daha sonra Aİİ-nin şəhid ailə üzvləri olan tələbələri – Aytac Mustafalı və İdris Quliyev çıxış ediblər.

Sonda videoçarx nümayiş olunub. 44 günlük Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim edilib.

Teqlər: