Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
AzerTimes-ın məlumatına görə, tədbir Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə ZOOM proqramı üzərindən təşkil olunub.
Aİİ-nin rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, 31 Mart soyqırımı qurbanlarını, həmçinin 44 günlük Vətən Müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib. Rektor qeyd edib ki, mənfur düşmənimiz fürsət tapdıqca xalqımıza qarşı amansız soyqırımı aktları törədib.
A.Şirinov vurğulayıb ki, mənfur düşmən xalqımıza qarşı soyqırımı törətmək üçün azərbaycanlıların yaşadığı bölgələrə silahlı dəstələr yeridiblər. O, qeyd edib ki, xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 1918-ci ilin 31 martında rəvac verdiyi təxribat aktı bunların ən dəhşətlisidir. Müxtəlif quberniyalarda törədilən soyqırımlar zamanı Bakıda Təzəpir məscidinə ziyan vurulub, Şamaxıda isə Qafqazın ən qədim ikinci məscidi olan Cümə məscidi orada toplaşan müsəlmanlarla birlikdə yandırılıb.
Aİİ rəhbəri daha sonra vurğulayıb ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bərpa olunan bu məscidi ziyarət zamanı yanıq izlərinə indi də rast gəlmək mümkündür.
Rektor daha sonra vurğulayıb ki, Quba soyqırımı bu vandalizm aktlarının ən dəhşətlilərindən biridir. O, Quba Soyqırımı Memorial Kompleksinə Aİİ tələbələrinin ziyarətinin təşkil olunduğunu, qlobal pandemiya səbəbindən bu il ziyarətin təxirə salındığını mərasim iştirakçılarının nəzərinə çatdırıb.
İnstitut rəhbəri soyqırımı qurbanlarının, şəhidlərimizin hazırda ruhlarının şad olduğunu da vurğulayıb. O bildirib ki, 44 günlük Vətən Müharibəsi zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuz torpaqlarımızı düşmən tapdağından azad edərək, ona layiq olduğu cavabı verib.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova xalqımıza qarşı törədilən soyqırımı aktı barədə söhbət açıb. O, rəhbərlik etdiyi Soyqırımı Memorial Kompleksi barədə geniş məlumat verib. Bildirib ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb.
Bildirib ki, 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Rəxşəndə Bayramova daha sonra qeyd edib ki, Quba şəhərində Soyqırımı Memorial Kompleksi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar neçə müddətdir fəaliyyətini onlayn formada həyata keçirir. Kompleksin direktoru bu müddət ərzində mütəmadi olaraq rəsmi sayt, eləcə də müxtəlif sosial şəbəkələr vasitəsilə 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) fərqli illərdə xalqımıza qarşı törədilmiş soyqırımı gerçəkliklərini, erməni vandalizminin əsl simasını, ermənilərin mənfur planlarının tarixi köklərini, Qafqaza köçürülmələri ilə bağlı müxtəlif arxiv sənədlərini, eləcə də fotoşəkilləri, deportasiyalar barədə məlumatları təqdim etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 1918-ci ilin iyul ayında yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ermənilərin 1918-ci ildə Azərbaycanın əksər bölgələrində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəsilə aşkarlayıb üzə çıxarıb. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 145 vərəq tərtib olunub. Qırğınla bağlı Dövlət Arxivində saxlanılan Fövqəladə Təhqiqat Komissiyasının çoxsaylı sənədləri qalır ki, onların da bir hissəsi artıq çap olunub.
Vaqif Abışov ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanından, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018-ci il “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamından bəhs edərək, həmin illərdə xalqımıza qarşı həyata keçirilmiş tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi, bu vandalizm aktlarının beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması üçün bütün vasitələrdən istifadə etdiklərini vurğulayıb.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksi haqqında iki sənədli film təqdim olunub.