İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “İlahiyyatçı alimləri tanıyaq və tanıdaq” mövzusunda vebinar keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “İlahiyyatçı alimləri tanıyaq və tanıdaq” mövzusunda vebinar keçirilib.

“Microsoft Teams” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.

Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı tədbirdə giriş nitqi ilə çıxış edib. O, vebinar iştirakçılarını salamladıqdan sonra, TEC-in fəaliyyəti barədə məlumat verib.

M.Babaşlı mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşlərinin, intellektual səviyyələrinin artırılması, araşdırma aparmaları istiqamətində bu səpkili vebinarların keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Aİİ Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İlahiyyatçı alimləri tanıyaq və tanıdaq” mövzusunda təşkil olunan vebinarın gedişatı haqqında məlumat verib. Bu istiqamətdə keçirilən tədbirlərin tələbələrin tədqiqatçılıq, yeni biliklər əldə etmək və gələcəkdə auditoriyada çıxış etmək baxımından əhəmiyyətini vurğulayıb.

Aİİ İlahiyyat fakültəsinin tələbəsi Sevil Hüseynova “Şüeyb Əfəndi”, Orxan Abışlı “Molla Ruhulla Məmmədzadə”, Əlvan Cabbarov “Muxtar Əfəndizadə”, İsgəndər İsgəndərov “Mirməhəmməd Kərim Bakuvi” mövzularında çıxış ediblər.

Tələbələr çıxışlarında araşdırma apardıqları ilahiyyatçıların həyat və fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verərək, onların günümüzdə qorunub-saxlanılan əsərlərinin ilahiyyat elminə verdiyi töhfədən bəhs ediblər.

Vebinar iştirakçıların qarşılıqlı müzakirələri ilə davam edib.

Məlumat üçün bildirək ki, TEC-in əsas məqsədi alitəhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin elmi-texniki potensialın qorunub-saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında İnstitutun işinə kömək etmək TEC-in vəzifələrindən biridir.

Cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləri öhdəsinə götürür.

Teqlər: