İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Türkiyənin Marmara
Universiteti ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov
Marmara Universiteti İlahiyyat fakültəsinin dekanı, professor
İsmail Safa Üstün ilə görüşüb.

Görüşdə Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsi ilə
Marmara Universiteti İlahiyyat fakültəsi arasında əməkdaşlıq
perspektivləri müzakirə olunub. Hər iki ali təhsil müəssisəsi
arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat
işlərinin aparılması; birgə layihələrin reallaşdırılması;
professor-müəllim heyəti üçün qarşılıqlı akademik səfərlərin həyata
keçirilməsi məqsədəuyğun hesab edilib.


Görüşdə alim və mütəxəssislərin iştirakı ilə konfransların
keçirilməsi, pedaqoji heyətin qarşılıqlı münasibətlər qurması,
seminarların təşkili haqqında müzakirələr aparılıb. Elmi
məlumatların ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin
təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, ali təhsil
müəssisələrinin tələbə mübadiləsi və digər məsələlər müzakirə
olunub.

Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə
əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi
tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın
digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali
məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq,
həmçinin ali məktəblər arasında əlaqələrin
genişləndirilməsidir.

Teqlər: