Mayın 24-25-i tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birgə ADPU-nun 100 illik yubileyinə həsr olunmuş “Elmdə və Təhsildə İnnovativ Texnologiyalar” III Beynəlxalq simpoziumu keçirilib.
Açılış mərasimində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov dövlətin və cəmiyyətin inkişafında elm və təhsilin xüsusi rolunu, beynəlxalq elmi simpoziumun aktual əhəmiyyətini qeyd edərək simpoziumda bölmələr üzrə elmi çıxışların dinləniləcəyini və müzakirələrin aparılacağını vurğulayıb.
Müasir dövrün çağırışlarının elmi araşdırmaların dərinləşdirilməsini, bu sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsini, təcrübə mübadiləsinin gücləndirilməsini zəruri vəzifə kimi irəli sürdüyünü bildirən rektor İKSAD ilə ilk dəfə birgə təşkil olunan elmi simpoziumun Türkiyənin elm və təhsil qurumları ilə ADPU arasındakı elmi əlaqələrdə yeni səhifə açdığını qeyd edib. Simpoziumda Azərbaycan və Türkiyə alimləri ilə yanaşı, bir sıra başqa ölkələrin də elm nümayəndələrinin iştirak etməsinə diqqət yönəldən natiq bu beynəlxalq tədbirin ADPU-nun 100 illik yubileyinə böyük töhfə olmaqla bərabər, həm də gələcək elmi əməkdaşlığa və növbəti elmi araşdırmalara əlavə təkan verəcəyinə əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Çıxış edən İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri doktor Mustafa Latif Emek Azərbaycan ilə Türkiyə arasında dostluq əlaqələrinin inkişafının əhəmiyyətini qeyd edərək, elmi əməkdaşlığın genişlənməsində ADPU ilə birgə fəaliyyətdən məmnunluğunu ifadə edib, bu sahədə münasibətlərin davamlılığının təmin olunması üçün gələcəkdə də birgə tədbirlərin həyata keçiriləcəyini iştirakçıların nəzərinə çatdırıb.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov simpoziumun mövzusunun elmi aktuallığını, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 100 illik yubileyi qeyd olunacaq ADPU-nun elmin inkişafında və pedaqoji kadrların hazırlanmasında rolunu qeyd edərək, İKSAD ilə əməkdaşlığın elmi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova elmi müzakirələrin beynəlxalq səviyyədə keçirilməsinin və İKSAD ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini göstərib.
ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri, dosent Ərəstun Mehdiyev simpoziumun beynəlxalq statusa malik olaraq elmi müzakirələr üçün vacib platforma kimi əhəmiyyətini diqqətə çatdırıb.
Sonra simpozium işini “Təhsil və pedaqoji-psixoloji tədqiqatlarda innovativ texnologiyalar”, “Riyaziyyat, texnika və təbiət elmləri sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar” və “İctimai və humanitar elmlərdə innovativ araşdırmalar” bölmələrində davam etdirib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Əlcəzair, Mərakeş, Nigeriya, Filippin və başqa ölkələrdən təqdim olunmuş mövzular üzrə elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.