Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.
AzerTimes-ın məlumatına görə, 30 yaşlı pəhləvan 55 kq çəki dərəcəsində ikiqat dünya çempionluğunu avqustun 19-da xəstəlikdən dünyasını dəyişmiş Vətən müharibəsi qazisi, polkovnik-leytenant Seymur Zülfüqarova həsr etdiyini bildirib.
Əzizli emosional durumunun səbəbini belə izah edib: “Bu qələbəmi çox önəmli şəxsə həsr etmək istəyirəm. Hansı ki, Müzəffər Ordumuzun qalib komandiri var idi. Mən yarışa gəlməmişdən 15 gün əvvəl qucağımda dünyasını dəyişdi. Polkovnik-leytenant Seymur Zülfüqarov da çempion olmağımı çox istəyirdi. Düşünürəm ki, sağ olsaydı, ən azı mənim qədər duyğulanar və fəxr edərdi”.