İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur – Vüqar Rəhimzadə

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı tərəf olduğunu, illərdir BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipi kimi ərazi bütövlüyünün təmin olunması istiqamətində dünyaya çağırışlarına ikili mövqedən yanaşıldığına, ən əsası bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçı Ermənistana dəstək olub danışıqlar prosesinin imitasiya naminə aparıldığına bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı çərçivəsində təltif olunan hərbçilərlə görüşündəki nitqi Vətən müharibəsinə gedən yolun aydın mənzərəsini yaradır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş, qarşımızda diz çökmüş, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.

Bu fikirləri AzerTimes-a «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin dünənimizə baxış fonunda perspekivləri özündə ehtiva edən nitqində son 17 ildə sözlə əməl birliyini təsqdiqləyən məqamlar faktlar əsasında diqqətə çatdırılıb. Cənab İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, populizmdən uzağıq, nəyi deyiriksə ona də əməl edirik: “Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi öndə saxlayan dövlətimizin başçısı İlham Əliyev bu istəyin gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri sözün əsl mənasındə həqiqət kimi qəbul etmək, verilən vədə sadiqliyi əməldə təsdiqləməkdir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu vəzifəyə təzə seçilmişdim. Hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər”.

Baş redaktor Azərbaycanın son 17 ildə danışıqlar prosesini davam etdirməklə yanaşı, iqtisadi, siyasi sahələrdə, beynəlxalq müstəvidə qazandığı uğurların miqyasını da nə qədər genişləndirməsindən bəhs edib: “Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, gücünü hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə sübut edən ordumuzun müasir hərbi texnika, silahlarla təchiz edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu və təkmil orduları sırasında olması həm də iqtisadi qüdrətimizin göstəricisidir. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan bu hərbi texnikanı, silahı öz vəsaiti hesabına alır. Kasıb Ermənistanın yüksək məbləğlə ifadə olunan müasir silahlarla təchizatı daim sual doğuran məsələ olub. Möhtərəm Prezidentimiz İlham Əliyev istər Vətən müharibəsi dövründə xarici mətbuata verdiyi müsahibələrində, istərsə də fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələni dəfələrlə qabardaraq Ermənistanı silahla təchiz edən dövlətlərin münaqişənin həlli prosesinin uzanmasına və sonda bu siyasətin hansı nəticələrə yol açmasına diqqəti yönəldərək işğalçıya bu diqqət və qayğının nədən qaynaqlandığını həmin dövlətlərin özlərindən eşitmək istədiyini açıqlamışdır”.

“İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı” söyləyən V.Rəhimzadə bildirib ki, bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənirlər: “Müharibə zamanı bir addım da belə geri çəkilməyən, hər günü tariximizə Qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu cənab İlham Əliyevin qeyd etdiyi kimi, XXI əsrin müharibəsini apardı və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz tədris edilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, eyni zamanda, çox qısa müddətdə-cəmisi 44 gün davam edən hərbi əməliyyatlarda dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

Çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı ayrıca bir dastandır, Müzəffər Azərbaycan Ordusunun yazdığı bu dastan haqqında hələ çox danışılacaq. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına Şuşa azad edildi, düşmən diz çökdü, məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da geri aldıq”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda illərdən bəri ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladıqları statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən müasir texnika ilə təchiz olunan Azərbaycan Ordusu «Qlobal atəş gücü» indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı xeyli qabaqlayır. Hərbi kontingent, hava qüvvələri ilə təminat baxımından da Ermənistanı arxada qoyan ordumuzun əməliyyatlar zamanı mülki əhalini hədəfə almaması isə Azərbaycanın beynəlxalq hüquqa, multikultural dəyərlərə sadiqliyini, döyüş əməliyyatları zamanı belə humanizm prinsiplərini diqqətdə saxladığını göstərir. Bu gün biz bir xalq olaraq Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasından sonsuz qürur hissi keçiririk. Ordumuzun gücünün belə yüksək dəyərləndirilməsi təbiidir. Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan silahlı qüvvələri oğrular, əsgər yeməyini satanlar hesabına formalaşıb, fərarilərdən, qorxaqlardan ibarətdir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Dünya hərb tarixində görünməmiş qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərinin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqlədilər”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, 44 gündə Azərbaycan xalqı yeni tarix yazdı: “Bu tarixin hər bir səhifəsi gələcəyə işıq salır. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-abadlıq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdışı gözləyir. Amma bu sevincimiz bizə ermənilərin törətdikləri vəhşilikləri unutdurmamalıdır. Müasir dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alaraq təbliğat işimizi daha da gücləndirməli, erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə çatdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsi görməyən gözləri, eşitməyən qulaqları açsa da fürsət düşdükcə prinsiplərə sadiqlikdən yararlanaraq ikili yanaşmalarından maraqları naminə bəhrələnməyə çalışan dünyanın aparıcı dövlətləri hərdən bu yanaşmaların hansı ədalətsizliklərə, haqsızlıqlara yol açdığının fərqində olsunlar. Azərbaycan Vətən müharibəsinin gedişində də təzyiqlərə məruz qaldı, hətta bir çox ermənipərəst dünya gücləri tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gətirildi. Bu sanksiyaları tələb edən, eyni zamanda, bunun əleyhinə olub Azərbaycanı müdafiə edən dövlətlərə diqqət yetirməklə illərdir münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda bu dövlətlərə həvalə edilməsinə sadəcə təəssüf etmək olar”.

V.Rəhimzadə daha sonra bildirib ki, informasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq. Bu baxımdan ki, faktlar bura üz tutan hər kəsə eksponatlar vasitəsilə çatdırılacaq. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında qısa zamanda açıq səma altında salınan park həm insan amilinə verilən dəyərə uyğun olaraq vətəndaşlarımızın tarixin yeni səhifəsini öyrənmək üçün mənbə olacaq.

Teqlər: