İkinci Qarabağ müharibəsinə qədər Azərbaycana qarşı olan ikili standartlar bu gün də özünü fərqli formalarda göstərir – Sevil Mikayılova

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycana qarşı olan ikili
standartlar bu gün də özünü fərqli formalarda göstərir.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev aprelin 12-də
keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan
müşavirədə bir sıra önəmli məqamlara toxdundu.

“30 il işğal altında qalmış torpaqları azad etmiş Azərbaycanın
qarşısında duran əsas məsələ azad olunmuş ərazilərin minalardan
təmizlənməsidir. Minaların təmizlənməsi üçün Prezident İlham
Əliyevin tapşırıqları əsasında bir çox işlər görülüb. Minalardan
təmizləmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100
milyon manata yaxın vəsait nəzərdə tutulub. Yeni texnikanın
alınması təmin edilir, o cümlədən, ən müasir texnika, dronlar və
digər müasir cihazlar alınır və bu proses davam edir”, – deyə
deputat əlavə edib.

S.Mikayılova bildirib ki, minatəmizləmə prosesi sürətlə aparılsa
da, müharibə bitdikdən sonra 200-ə yaxın insan Ermənistanın mina
terrorunun qurbanı olub: “Bu məsələdə də Azərbaycana qarşı ikili
standartları müşahidə edirik. İşğal dövründə Azərbaycan beynəlxalq
təşkilatlara, böyük dövlətlərə müraciətlər edərək, məsələnin sülh
yolu ilə həllinə çalışdı, amma bütün bu cəhdlər bəhrə vermədi və
nəticədə Azərbaycan özü hərbi-siyasi yolla işğala son qoydu. Bu gün
isə dünyada minatəmizləmə ilə məşğul olan heç bir təşkilat
Azərbaycana yardım göstərməyib. Bir növ bu humanitar problemi
görməzdən gəlirlər. Bu da Azərbaycana qarşı növbəti ikili
standartların təzahürüdür”.

Deputat əlavə edib ki, azad olunmuş ərazilərdə bərpa-quruculuq
işləri sürətli şəkildə aparılır, hüquqları pozulmuş keçmiş məcburi
köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün Prezident
İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə bütün işlər
görülür.

“Bəs niyə humanizmdən danışan beynəlxalq təşkilatlar bu məsələdə
Azərbaycana heç bir yardım təklif etməyib? İnsan haqları
məsələsində fəallıq göstərən nüfuzlu beynəlxalq qurumlar nə üçün
susqundur? Azərbaycan lazımi vəsaiti ayırıb, lazımi texnikaları özü
alıb, bu təşkilatlar isə heç mütəxəssislərlə belə kömək etmək
barədə təşəbbüs göstərmirlər. Bu gün dünyada bir çox münaqişələr
gedir, xüsusən, Ukraynada baş verən hadisələrdə bu təşkilatların
məsələlərə necə həssaslıqla yanaşdıqlarını görürük. Əslində,
beynəlxalq birlikdə insan faciəsinə münasibətdə hansı standartları
rəhbər tuturlar, bilmək maraqlı olardı. Müxtəlif coğrafiyalarda baş
verən prosesləri izləyən Azərbaycan ictimaiyyəti bu laqeydliyin
səbəblərini başa düşməyə çalışır”, – deyə S.Mikayılova
bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz maliyyə
imkanları hesabına bərpa edir və sözsüz ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə bütün planlar zamanla həyata
keçiriləcək.

“Azərbaycan dövləti və cəmiyyəti bu ikili standartları görür və
nəticə çıxarır ki, 30 il ərzində ölkəmizə münasibətdə sərgilənən bu
ənənvi yanaşma dəyişməyib. Lakin Azərbaycan öz problemlərini həll
etmək gücündə və iqtidarında olan ölkədir, 44 günlük müharibədə
qazandığımız tarixi Zəfər bunu aydın şəkildə göstərdi”, – deyə
deputat əlavə edib.

Teqlər: