İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış regional
kommunikasiya əlaqələrinin açılması imkanları Cənubi Qafqaz üçün
yeni iqtisadi imkanlar yaradacaq.
Bu barədə Trend-ə Dünya Bankından bildirilib.
Qeyd olunub ki, Cənubi Qafqaz Asiya ilə Avropa arasında tarixi
ticarət yollarının kəsişmə nöqtəsində yerləşir. Son bir neçə
onillikdə Cənubi Qafqazdan keçən marşrut digər alternativ tranzit
marşrutları qədər sərfəli olmayıb, lakin Orta Dəhliz adlandırılan
layihəyə diqqətin artması ilə Cənubi Qafqazda nəqliyyat
şəbəkələrinin inkişafı daha aktual və cəlbedici olur.
“İkinci Qarabağ müharibəsinin başa çatması ilə yeni nəqliyyat və
regional iqtisadi əlaqələrin bərpa olunması imkanları xeyli
genişlənib. Bunun, nəqliyyat və logistikanın səmərəliliyinin
əhəmiyyətli dərəcədə artmasına, avtomobil nəqliyyatına alternativ
olaraq dəmir yolu nəqliyyatının daha geniş yayılmasına, yük və
sərnişin daşımalarının artırılması və istixana qazı emissiyalarının
qarşısının alınması ilə yanaşı, həm də yüklərin idarə edilməsi və
logistika kimi nəqliyyatla əlaqəli sektorlarda Cənubi Qafqaz üçün
yeni iqtisadi imkanların yaranacağına səbəb olacağı gözlənilir”, –
bankdan bildirilib.
Vurğulanıb ki, Orta Dəhliz regional dövlətlərin və digər maraqlı
tərəflərin səyləri nəticəsində əhəmiyyəti artan dinamik marşrut
olmaqda davam edir.
“Multimodal nəqliyyat marşrutuna Mərkəzi Asiya və Cənubi Qafqazı
Avropa və Çinlə birləşdirən limanlar, dəmir yolları və avtomobil
yolları daxildir. Dəhlizin inkişafını təşviq etmək üçün onun xidmət
göstərdiyi ölkələr 2017-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutları Assosiasiyasını yaradıblar, infrastrukturun
təkmilləşdirilməsi isə bu ticarət dəhlizinin iqtisadi
səmərəliliyini artıraraq, əlaqəni yaxşılaşdırmağa və malların
daşınmasını sadələşdirməyə davam edir”, – bankdan əlavə
ediblər.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (və ya Orta Dəhliz)
Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.