İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı – İqor Korotçenko

Xəbər - Cani Babayeva – Trend:

İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı.

Bunu Trend-ə Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bugünədək aparıcı dövlətlərdən heç biri Azərbaycanın etdiyini nümayiş etdirməyib: “Məhz buna görə də İkinci Qarabağ müharibəsinin ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsraildə, hərbi güc amilinin əhəmiyyət daşıdığı hər yerdə diqqətlə təhlili və öyrənilməsi davam edir. Bu, yeni strateji fikirlər və müasir texnologiyaların istifadəsi ilə aparılan müharibənin nümunəsidir. Hərb tarixində misli görünməmiş, geniş çeşiddə kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının eyni anda istifadəsi 21-ci əsrin yüksək texnoloji müharibəsinin necə olmalı olduğu barədə təsəvvürləri dəyişdirdi. Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin effektiv fəaliyyətini unutmamalıyıq. Azərbaycan göstərdi ki, müharibənin aparılmasının qeyri-standart, effektiv və yüksək texnoloji üsullarını tapıb və bu, yekunda qələbəyə gətirib çıxarıb.”

İ.Korotçenko vurğulayıb ki, istənilən müharibədə bir nömrəli amil Ali Baş Komandandır. Məhz o, hərbi düşüncələri reallaşdırır, başlıca əməliyyatları təklif edir, onların hazırlanmasına nəzarət edir və yekunda siyasi və hərbi məsuliyyət daşımaqla reallaşdırır:

“Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsi ərzində dünya ictimaiyyətinin təxminən 30 il ərzində nail ola bilmədiyini etmək mümkün oldu: Azərbaycan BMT TŞ-nin dörd qətnaməsini reallaşdıraraq öz ərazi bütövlüyünü bərpa etdi. Biz görürdük ki, ATƏT Minsk qrupunun bu problemi həll etmək cəhdləri aşılmaz maneələrlə üzləşirdi və sonda Azərbaycan öz kəskin qılıncı ilə çözülməyən “Qordi düyünü”nü doğradı”.

O bildirib ki, İkinci Qarabağ müharibəsindəki qələbə diplomatiya, iqtisadiyyat və səmərəli sistemin zəfəridir, belə ki, bütün bu komponentlər müharibə zamanı fövqəladə vacib və çox əhəmiyyətlidir:

“Müharibə hər zaman istənilən ölkənin, onun ordusunun və liderinin keyfiyyət yoxlamasıdır. Qalib gələn tərəf müzəffərdir. Bu vəziyyətdə Azərbaycan qeyd-şərtsiz müzəffər oldu və 21-ci əsrin ordusunun necə olduğunu göstərdi. Bu gün bəzi dövlətlərdə təlimlər və hərbi quruculuq planları Azərbaycan təcrübəsindən irəli gələrək təkmilləşdirilir”.

İ.Korotçenko qeyd edib ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də ümumilikdə dünya arenasında başlıca geosiyasi iştirakçıdır:

“Bu, ilk növbədə Azərbaycanın potensialı və daha sonra İkinci Qarabağ müharibəsindəki qələbə sayəsində əldə olunub. Bu qələbə ölkəni obyektiv olaraq dünyanın aparıcı dövlətləri sırasına çıxardı. Eyni zamanda Azərbaycanın irimiqyaslı enerji layihələrinin reallaşdırılmasına töhfəsi də bu məsələdə rol oynayıb. Bütün bu amillər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolunu və nüfuzunu möhkəmləndirib.

Əlbəttə, lider çox vacibdir. Azərbaycanın başında Prezident İlham Əliyev kimi güclü, effektiv və məsuliyyətli rəhbərin dayanması sözsüz hörmət doğurur. O, onilliklərlə həll olunmayan məsələni 44 günə həll edə bildi və bununla da göstərdi ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsiplərinin zəfər çalması üçün real iradə və potensial, eləcə də siyasi və hərbi imkanlar var”.

Ekspert əlavə edib ki, İkinci Qarabağ müharibəsinin yekunlarının siyasi baxımdan möhkəmləndirilməsi, o cümlədən regionun dinc, intensiv və dinamik inkişafını təmin edəcək 3+3 formatının reallaşdırılması vacibdir:

“Bu gün Xəzər regionunda aparıcı rollardan birini, şübhəsiz ki, Azərbaycan oynayır. Ölkə bütün dünya ictimaiyyətinin qarşısında dayanan beynəlxalq sabitlik və dayanıqlı inkişaf məqsədlərinin təmin olunmasına töhfəsi baxımından öz mövqelərini gücləndirməyə və potensialını artırmağa davam edəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: