Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
AzerTimes onunla müsahibəni təqdim edir:
– Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın Qarabağda BMT qətnamələri əsasında hərbi əməliyyatlar apardığını etiraf edib. Gec də olsa belə bir mövqenin sərgilənməsi Azərbaycan üçün hüquqi-siyasi müstəvidə hansı üstünlüklər qazandıra bilər?
– Ermənistan parlamentinin spikerinin indi bu məsələ ilə bağlı danışması heç bir əhəmiyyət kəsb etmir. İş qurtarandan sonra gəlib etiraf edirlər, Azərbaycanın əsas məqsədi başqadır. Məsələ Ermənistanın hansısa kağıza imza atmaqla deyil, bu ölkənin siyasi mühitində dəyişikliklər baş verməsi ilə bitməlidir. Ermənistanda artıq hər şeyə reallıqla baxılmalıdır. Azərbaycana qarşı münaqişəni başlayan tərəf Ermənistan olub. Əraziləri işğal edən, etnik təmizləmə aparan da ermənilər idi. İndi isə erməni siyasi elitası özünü elə aparır ki, bu münaqişənin yaranmasında az qala Azərbaycanı günahkar çıxarmağa çalışırlar. Simonyanın indiki halda dedikləri müsbət hal olsa da gecikmiş etirafdır. Görünür ki, onların insanlara həqiqəti söyləməyə siyasi iradəsi çatmır.
– Sülh prosesinin uzanmasında kənar oyunçuların rolu nə dərəcədə təsirlidir?
– Problem ondan ibarətdir ki, qeyri-regional oyunçular bölgədə münaqişənin davam etməsində maraqlıdır. Ermənistan tərəfində bu oyunçular müəyyən “ümidlər” yaradır. Hətta sülh prosesinə belə qərəzli yanaşma sərgilənir. Hər danışıqlarında bəhs etdikləri “ədalətli”, “ləyaqətli” sülh ifadəsinin altında başqa məqsədlər yatır.
– “Ədalətli” sülh dedikdə nəyi nəzərdə tuturlar?
– Hətta bir çox hallarda isə “ləyaqətli” sülhdən danışılır. ABŞ prezidenti Cozef Bayden də Prezident İlham Əliyevə məktubunda yazıb ki, “Ermənistanla “ləyaqətli” sülhün əldə olunmasına töhfə verməyə hazırıq”. Bu sual açıq qalır. İşğalçı üçün hansı “ləyaqətli” sülhdən danışmaq olar? Hərbi cinayətlər törədən, beynəlxalq qanunları pozan Ermənistanla hansı əsasda sülhün imzalnması məsələsi konseptual formada öz həllini tapmalıdır?
– İrəvanın öhdəlikləri nədən ibarət olmalıdır?
– Ermənistan işğala görə, siyasi məsuliyyəti öz üzərinə götürməlidir. Etiraf etməlidirlər ki, bu münaqişə nəyə görə yaranıb? Azərbaycana milyardlarla ziyan vurulub, on minlərlə azərbaycanlı bu münaqişənin qurbanı olub. Erməni tərəfi hətta öz itgilərinə görə günahkarların ortaya çıxmasına cəhd etməlidir.
– Amma görünən odur ki, Ermənistan Azərbaycanla yarımçıq da olsa sülh müqaviləsinin imzalanmasına can atır. Bu tələskənliyə səbəb nədir?
– Ermənilərin istəyi odur ki, hansısa bir kağıza imza atılsın. Bunun əsasında da sonra deyə bilsinlər ki, “biz Azərbaycanla sülh sazişi imzaladıq”. Guya bundan sonra Ermənistanlıq bir şey qalmayacaq. Beləliklə, təzminat və digər məsələlər ortadan çıxarılacaq. Daha sonra isə iddia edəcəklər ki, Qarabağdan könüllü getmiş ermənilər məsələsi “insan hüquqları” ilə bağlıdır. Azərbaycandan da bununla bağlı əsassız tələblər irəli sürməyə başlayacaqlar. Məqsədləri məhz yeni bir formatda Qarabağ mövzusunu davam etdirməkdən ibarətdir.