İki yerüstü piyada keçidi istifadəyə verildi – Video

İki yerüstü piyada keçidi istifadəyə verildi – Video

Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

AzerTimes xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb.

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib.

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır.

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Teqlər: