İki tanınmışın iki qardaş ölkədən bir yazısı…

İki tanınmışın iki qardaş ölkədən bir yazısı…

30 avqust 2022-ci ildə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətləri qurulmasının 30-cu ildönümü tamam olur.

İki qardaş ölkə – Azərbaycan ilə Qazaxıstan diplomatik münasibətlər qurulmasının 30-cu ildönümündə işbirliyini daha da gücləndirərək, yeni bir dönəmə start verməkdədir. Məsələn, hər ikisi də Xəzər üzərindən ixracat və daşımaçılıq həcmini artıracaqdır.

İki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yetişməsi ümidimiz, diləyimizdir.

***

Hazırda hamımızın ortaq bir gərəkçəmiz var: o da bir yumruq misali, hətta “Dəmir Yumruq” örnəyində olduğu kimi, möhkəm qardaşlıq duruşumuzu ortaya qoymaqdan keçir. Gərəkçəmiz, böyük İsmayıl Qaspiralı demiş, fikirdə, dildə, işdə birlikdəlik sərgiləməkdir.

Öyündüyümüz başarılarımız qədər, yaşadığımız acıları da bu birlikdəliyimiz çərçivəsində paylaşmalıyıq, yaxşı gündə bir-birimizi qutladığımız qədər, acılarımıza mərhəm, dərdimizə dərman olmağı da dərindən bacarmalıyıq. Ortaq dəyərlərimiz bizləri birləşdirdiyi qədər, acılarımız da bizləri möhkəm birləşdirməlidir…

Ötən yüzilliyin 30-cu illərindəki sürgün, repressiya… bir insanlıq suçu olaraq ortadadır. Ortaq araşdırmalar aparılmalı, öncə Azərbaycanın, daha sonra da Qazaxıstanın rəhbəri olan (Kreml tərəfindən təyin edilən) Levon Mirzoyan və digər canilərin məlum aclıq, repressiya, soyqırım aktı sürəcindəki suçları tarixi bəlgələrlə ortaya qoyulmalıdır – belə acıların bir daha heç vaxt, heç vəchlə yaşanmaması üçün…

Aclıq və sürgünlərdə, Jeltoksan Ayaqlanmasında, Qara Yanvarda, Xocalı soyqırımında, Qarabağda verdiyimiz itkilər, yaşadığımız acılar bizləri birləşdirməlidir.

44 günlük İkinci Qarabağ müharibəsi sırasında qazax və Azərbaycan xalqının qardaşlıq dayanışması ortaq dastanımız olaraq qəbul edilməli, gələcək nəsillər daha üstün birlik nümayişi üçün yetişdirilməlidir.

Politoloqlarımızın, yazarlarımızın, qəzetçilərimizin, ictimai fəallarımızın, blogerlerimizin 44 günlük müharibə dönəmində xidmətləri, gecə Gəncəyə edilən raket hücumlarında gözyaşlarıyla terroru qınayan bütün qazaxların, digər qardaşlarımızın duruşu, qardaşlıq dastanımızın səhifələri deyilmi?

Və şəhidlərimiz də, qazilərimiz də, onların qazandığı Zəfər də ortaq dəyərimizdir.

O çətin günlərdə, çətin şərtlərə baxmayaraq, Azərbaycana dəstək nümayiş etdirən Qazaxıstan Yazıçılar Birliyi başqanı Uluğbek Esdeuletin, onlarla qazax şair, yazıçısının, jurnalistinin, çoxsaylı qazax aydınının duruşu bütün gənc qələmdaşlara örnəkdir.

O çətin günlərdə Bərdə və Gəncəyə edilən raket hücumlarının bir savaş suçu olduğunu açıqca dilə gətirərək hamımızın duruşumuzu dünyaya göstərən Oljas Süleymenovun dəstəyi unudulmazdır.

***

Qazaxıstanda bu ilin ilk ayının ilk günlərində baş verən olaylar vaxtı Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin Qazaxıstan Yazıçılar Birliyinə həmrəylik məktubu ünvanlaması, KİV-lərin bizim ədəbiyyat xadimlərinə “Oljas Süleymenovla danışmısızmı?” kimi suallar ünvanlanması, xalq şairi Nəriman Həsənzadənin Oljas Süleymenova şeirlə müraciət etməsi burada xatırlatmaq istədiyimiz məqamlardır. Bu məqamlar özlüyündə, Azərbaycan-Qazaxıstan münasibətlərində ədəbiyyatın, ədəbiyyatçılarən özünəxas yerini, rolunu da ifadə etməkdədir.

“Qazax şairi Oljas Süleymenova məktub” şeirini (kiçik ixtisarla) yada salaq:

Xəbərlər dolaşıq, qarışıq gəlir,

yenə təkrar edir tarix səhvini.

Dünyada tarazlıq itibdi, nədir?

əyir Planetin bir tərəfini.

Yenə o saldatlar, yenə o tanklar,

yenə Kalaşnikov avtomatları.

Bağlanan qapılar, sönən ocaqlar…

Bakıda görmüşəm, mən də onları.

Çəkdilər bizi də ölümə, qana,

vəhşi tayfaların ənənəsiydi.

Sən onda səs verdin Azərbaycana,

ögeylər, “doğmalar” zəmanəsiydi!

…Eşitdim, erməni köməyə gəlib,

başında dəbilqə, əlində silah.

Daha soruşmadım, o niyə gəlib,

sonrakı şərindən qorusun Allah.

Görmüşəm, bilirəm nədir təkliyi,

nə gəldi, Tanrıdan, bizəmi gəldi?!

Dünən, İstanbulda – türk həmrəyliyi,

ilk görüş himnimiz, gözəmi gəldi?!

…Qoy yenə çağlasın o duyğu, o hiss,

yanından ötməsin bir əsən külək.

Bizim də –

var olsun həmrəyliyimiz,

yenə İstanbulda görüşənədək”.

Xalq şairinin xalq şairinə yazdığı bu şeir özündə siyasi, ideoloji məzmun da daşımaqla, Qazaxıstan olaylarına bir şəhərdən, bir ölkədən deyil, daha böyük tablodan baxmağa imkan verir. Paralellər dəqiq, təsbitlər səlisdir… Və “yenə İstanbulda görüşənədək”!.. O İstanbul ki, Qazaxıstandakı məlum olaylardan az öncə orada Türk Dövlətləri Təşkilatı qurulmuşdu!.. Və ustad təsadüfən “Gözəmi gəldi?” deyə sual etmir…

***

2020-ci ildə Nur-Sultanda, Beynəlxalq Türk Akademiyasının xətti ilə qazaxca gün üzü görmüş “Qarabağ hekayələri”ni də burada vurğulamadan keçməyək. Kitab Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva və mərkəzi qərargahı İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfinin “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşarın daha öncə Türkiyədə yayınladıqları eyni adlı nəşr əsasında, bu yazının həmmüəllifinin də qatqıları ilə hazırlanıb.

***

Yazımızı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan Prezident İlham Əliyevə bu il, mayın 26-da – Müstəqillik Günü (28 May) münasibəti ilə göndərdiyi Təbrik məktubundan bir cümlə ilə tamamlayırıq:

“Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə ürəkdən sevinir və qarşılıqlı əməkdaşlığın hərtərəfli dərinləşməsinə yüksək diqqət ayırırlar”.

Qardaşlığımız var olsun!

Əkbər QOŞALI,

Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı,

Nurqali Yusufbay

Ea-news.kz portalının baş redaktoru (Almatı)

Teqlər: