İki rayonda ümumilikdə 335 fərdi ev təbii qazla təmin edilib (FOTO)

“Azəriqaz” İB ölkə ərazisində yeni yaşayış massivlərinin, kəndlərin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirir. Yardımlı rayonunun çətin relyef şəraitində yerləşən Vəlixanlı və Köyrədi kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması işləri başa çatıb.

İB-dən AzerTimes-a bildirilib ki, ucqar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi hər iki kənddə indiyədək mavi yanacağın olmaması kənd sakinlərinə xeyli çətinlik yaradıb. 70 fərdi yaşayış evi olan Vəlixanlı kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 6 277 metr olan müxtəlif diametrli polad borulardan istifadə olunub. Köyrədi kəndində yerləşən 206 fərdi yaşayış evini mavi yanacaqla təmin etmək üçün isə 13 180 metr uzunluğunda polad borulardan istifadə olunub.

Ağcəbədi rayonunun Şahmalılar kəndinin də mavi yanacaqla təmin olunması işləri yekunlaşıb. 59 fərdi yaşayış evi olan kəndin qazlaşdırılması üçün 9 917 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Teqlər: