İki qardaş Ordunun İrana Araz üzərindən cavabı

İki qardaş Ordunun İrana Araz üzərindən cavabı

Türkiyə və Azərbaycan ənənəvi olaraq növbəti birgə hərbi təlimlərə start verib. Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən təlimlərdə iki mühüm detal var:

Birincisi, təlimlərin coğrafiyasıdır: Azərbaycan və Türkiyə ordusu xüsusilə İranla sərhəddə (Astara və Cəbrayıl) döyüş məşqi edir;

İkincisi, təlimin ssenarisidir: iki ölkənin vahid ordusu müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edir;

Ssenari xüsusilə diqqət çəkir. İran Ermənistan maraqlarının müdafiəsi məqsədilə Azərbaycanla sərhəddə keçirdiyi son təlimlərdə Araz çayı üzərində körpü salaraq, “desant qüvvələr”lə “güc nümayişi” sərgilədi. Tehran rejiminin məqsədi Azərbaycanı açıq şəkildə hərbi müdaxilə ilə təhdid etmək idi, Araz çayı üzərindən körpü salınması da buna hesablanmışdı. Bu təhdid qarşısında öz maraqlarından geri çəkilməyən rəsmi Bakının cavabı ardıcıl oldu.

– Xüsusi Təyinatlı Qüvvələr İranla sərhəddə gecə əməliyyatı keçirdilər;

– Prezident İlham Əliyev ADA Universitetində son çıxışı zamanı bu təhdidlərin cavabını açıq şəkildə verdi: “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”; bu, Əliyevin Araz çayı üzərindən körpü salmaq ssenarisi ilə bizi təhdid edən İran rejiminə “qarşınızda türk birliyi var” mesajı idi;

– Azərbaycan və Türkiyə ordusu İranla sərhəddə birgə təlimlərə başladı: Araz çayı üzərindən panton körpülərin salınması ssenarisinin də təbiq edildiyi təlimlərdə xüsusi təyinatlı qüvvələrimiz “düşmənin dərinliyinə qədər enir”;

İran rejiminə ünvanlanan mesaj belədir: Azərbaycana qarşı istənilən təxribata iki qardaş ölkənin vahid ordusu cavab verəcək; bu təlimlər də veriləcək cavabın məşq edilməsidir;

“Qardaşların dəmir yumruğu düşmənin başına endirilə bilər” mesajı İran üçün ikinci dəfədir verilir, birinci dəfə 2001-cui ildə, ikinci dəfə indi.

2001-ci ildə İran Azərbaycana müdaxilə etmək həvəsinə düşmüşdü. Azərbaycan Xəzər dənizinin öz sularına daxil olan hissəsində yeni neft yataqları aşkar edərkən, İran hərbi gəmilərlə ərazimizə müdaxilə edir, Astara istiqamətində hətta 30 kilometrə qədər irəliləyir, danışıqlardan da imtina edir. Bu zaman Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri Bakıya göndərir, “Türk şahinlərinin” Azadlıq meydanı üzərində sərgilədiyi şou molla rejiminə tutarlı cavab idi. Nəticədə İran geri şəkilməyə məcbur oldu.

Görünür, mollalar 20 il sonra keçmiş dərsləri unudublar. Ki, Araz sahilində oyun çıxarmağa cəhd etdilər: 70-ci illərin silah-sursatı ilə sərhədə gəldilər, çayın İran ərazisindən keçən hansısa hissəsində körpü saldılar;

Onların çıxardığı “şəbihə” Azərbaycan-Türkiyə birliyi müasir hərbi texnika ilə tutarlı cavab verdi: vahid ordu şəkilində havadan və qurudan döyüş məşqi keçirildi, Araz üzərindən panton körpülərin salınması ilə o taya keçməyin çətin olmadığı və bu baş verərsə, iki qardaşın güclü ordusu qarşısında heç kimin dayana bilməyəcəyi göstərildi;

İran rejimi bu təlimlərə, Araz üzərindən salınan körpülərə baxıb nəticə çıxarsın. Əks təqdirdə o körpülər reallığa çevriləcək və o taydakı qardaşlarımıza qovuşmaqla nəticələnəcək.

Teqlər: