İki nəfərin başı kəsilib, abidənin özülünə qoyulub – Dəhşətli fakt

İki nəfərin başı kəsilib, abidənin özülünə qoyulub – Dəhşətli fakt

Bu abidə uydurma erməni soyqırımına ucaldılıb. 1945-ci ildə İkinci Dünya müharibəsi bitəndən sonra Ermənistana, ordan isə Qarabağa Fransa, Suriya, ABŞ, Türkiyə, Livan və bəzi ölkələrdən burada yaşamaları üçün qaçqınlar dəvət olunmağa başlandı. Bu faktı illərdir gizlədirlər. Amma Sovet hökuməti Stalinin dövründə xüsusi icazə alıb ki, dünyanın hər yerindən gələn ermənilər Qarabağda məskunlaşsınlar.

Bu sözləri AzerTimes-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev ermənilərin Xankəndidə ucaltdığı “Biz və bizim dağlar” adlanan abidə haqda danışarkən deyib.

Z.Əliyevin sözlərinə görə, 1945-ci ildən bu məskunlaşmanın başlanması ilə burada yeni bir hərəkata – Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsinə başlanılıb:

“Bu hərəkatın bünövrəsi İrəvanda qoyulmuşdu, lakin fəaliyyət Xankəndidə başlamalı idi. Hərəkatın üzvləri 40 nəfərdən ibarət idi. Bu təşkilata rəhbərlik edənlərdən biri də Azərbaycan Yazıçılar İttifaqının üzvü Baqrat Ulubabyan idi. Lakin Stalin öləndən sonra onların hərəkat proqramı dəyişdi. Onlar 1945-ci ildən 1964-cü ilə qədər sakit dayandılar.

1964-cü ildə “Nənə və baba” adlanacaq heykəlin müəllifi Sərkis Baqdasaryan Sovet nümayəndə heyətinin tərkibində İtaliyada bir sərgidə iştirak edir. Ona erməni Daşnaksütyun Partiyası və ASALA təşkilatının nümayəndələri Qarabağda hərəkatın mütləq şəkildə başlanmasını təklif edir. S.Baqdasaryan da elə həmin il Avropadakı erməni diasporundan böyük maliyyə dəstəyi alaraq Xankəndidə bu heykəli ucaltmağa başlayır. İlk ideya bu heykəlin hansı formada olması ilə bağlı idi. Bu müzakirələr aparılarkən Baqrat Ulubabyan, Zori Balayan və bir neçə o dövrün erməni nümayəndələri belə qərara gəlir ki, abidəni elə bir adamın formasında qursunlar ki, o, bu hərəkat üçün önəmli olsun. Deyilənə görə, qurulan abidə S.Baqdasaryanın nənə və babasının prototipidir. Ancaq bu yalandır. Heykəl Qarabağda ilk dəfə erməni məsələsini qaldıran və Naxçıvanın Ermənistana birləşdirilməsini təbliğ edən şəxslərin prototipidir. Heykəl hazırlanan vaxt – 1965-1966-cı illərdə Azərbaycan hökuməti buna çox ciddi reaksiya verib. Hətta dəvət olunan memar Səfi Qarayev heykəlin formasına etiraz edir və Azərbaycan hökuməti Moskvaya məktub yazır və oradan böyük nümayəndə heyəti gəlir. B.Ulubabyan və Z.Balayan yazıçılar olaraq postament düzəltdiklərini iddia edir. Heykəlin isə başqa formada olacağını və İrəvandan gətirilib qoyulacağını deyirlər. O vaxt Azərbaycan və Moskva nümayəndə heyətini aldadan bu şəxslər heykəlin üzünün Ermənistana, arxasının isə Azərbaycana olan formasını elə düzəldirlər ki, sanki yaşlı insanlar “bizi özünüzə birləşdirin” deyə Ermənistandan kömək istəyirlər”.

Alimin sözlərinə görə, maraqlı hadisələr məhz bundan sonra başlayır:

“1967-ci ilin 3 iyununda Xankəndidə Nelson adlı gənc erməninin öldürülməsi faktını (halbuki bunu ermənilər elə özləri etmişdi) Əşrəf adlı azərbaycanlı məktəb direktorunun üzərinə yıxdılar. Məhkəmə Əşrəfin güllələnməsinə, digərlərinin azad buraxılmasına qərar versə də, ermənilər qərara etiraz etdilər. Nəticədə hadisə 3 nəfər azərbaycanlının diri-diri yandırılması ilə nəticələndi. Beləliklə, şəhərdə “Xankəndi Ermənistana birləşdirilməlidir” tələbilə böyük üsyan başladı. Bu dövrdə sakitlik yaranandan sonra ermənilər uydurma “Nənə və baba” heykəlinin özülünü qazarkən həmin hadisəyə şahid olmuş 2 azərbaycanlının başını kəsib ora atırlar. Həmçinin, erməni dilində “Bura qədim Ermənistan torpağıdır. Bizim arzumuz budur ki, “böyük Ermənistan” reallaşan kimi bu heykəli söküb üzü Bakıya tərəf yenidən ucaldaq” vərəqini yazaraq, butulkada bünövrəyə atıblar. Z.Balayan və B.Ulubabyan bu prosesə əvvəldən nəzarət edən rəhbərlər olub. Həmçinin, “soyqırım abidəmizə qurban verməliyik” düşüncəsi ilə iki azərbaycanlının başının kəsilib, ora atılmasına da onlar təşkil ediblər. Azərbaycan abidənin qoyulmasına mane olmağa çalışsa da, Balayan və Ulubabyan Moskvadan gələn nümayəndə heyətinə abidənin elə qalmasına razı olmaları üçün erməni diasporu adından kifayət qədər pul verirlər. Bütün bu faktlara əsaslanaraq demək olar ki, bu nə “Nənə və baba”, nə də “Biz və bizim dağlar” abidəsidir. Bu, birbaşa uydurma soyqırımın xatirəsinə ucaldılan heykəldir. Çünki İrəvanda qurulan abidənin ilkin maketi “Kalaşnikov” avtomatının formasında idi. Lakin rus hökuməti sonradan məsələyə qarışdı və memarlar abidənin formasını dəyişdilər”.

Dosentin sözlərinə görə, abidədə “tuf “adlanan qırmızı daşdan istifadə edilməsi də uydurma soyqırımının təcəssümüdür:

“Bəziləri bu daşdan istifadə edilməsini abidənin möhkəm olması ilə əlaqələndirir. Lakin bu yanlış fikirdir. Hesab edirəm ki, bu abidənin saxlanılıb bu formada qorunması gələcəkdə ermənilərin bir milli ideoloji savaşına çevrilə bilər. Çünki onlar arasında hələ də belə təbliğ olunur ki, bizim nənələrimiz və babalarımız 1905-ci ildə türklər tərəfindən məhv edilib. Ona görə də bu abidə tamamilə məhv edilməlidir. Ümumiyyətlə, Azərbaycan hökuməti bu məsələlərdə heç kimdən çəkinməməlidir. Uydurma soyqırıma həsr olunmuş abidənin Qarabağda yeri yoxdur”.

Teqlər: