İki gündə evdən çıxan 12 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, aprelin 3-də və 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini T.Məmmədov, şabran rayon sakini Ş.Balabəyov və Balakən rayon sakini A.Tahirova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

Teqlər: