İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa…

İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa…

Ermənistanın siyasi elitası və politoloqları İrandakı seçkilərin ardınca Fransada baş verənlərdən narahatlıqlarını gizlətmirlər.

AzerTimes xəbər verir ki, uzun illər İran Ermənistanın işğal siyasətini dəstəkləyib, bu işğalçı ölkəyə hərbi-iqtisadi yardım göstərib və faktiki olaraq Azərbaycanın blokada strategiyasının tam hədəfinə çatmasına mane olub. Vətən müharibəsindən sonra isə Ermənistanın masada kapitulyant kimi oturmaması, Azərbaycanla bərabərhüquqlu statusda olmasına Fransadan da çox yardımçı olub.

5 iyulda İranda keçirilən seçkilərdə azərbaycanlı olması ilə fəxr edən, prezident seçkisi zamanı Güney Azərbaycan vilayətlərində azərbaycanca çıxış edən və millətçilərin ciddi şəkildə dəstəklədiyi Məsud Pezeşkianın qalib gəlməsi Ermənistanda ciddi narahatlıqla müşayiət olunurdu. Hətta erməni siyasilər bir-birinin ardınca təsəlli xarakterli bəyanatlar verməyə çalşırdılar.

İrəvanı “sona qədər” dəstəkləməyi qarşısına prinsipial məqsəd olaraq qoyan Makronun 7 iyulda Fransadakı parlament seçkilərinin ikinci turunda məğlubiyyəti isə Ermənistanda həyəcanı daha da artırıb. Erməni politoloqlar hesab edir ki, Makronun məğlubiyyəti və solçularla hakimiyyəti bölüşməyə məcbur olması Fransanın Cənubi Qafqaz siyasətində redaktələrə səbəb ola bilər. Amma bu, hamısı deyil!

ABŞ-da da seçkilər gözlənilir və Donald Trampın qalib gəlmə ehtimalı yüksəkdir. Baydendən fərqli olaraq, Rusiyanın ambisiyalarını anlayan Tramp Cənubi Qafqaza əvvəlki kimi nüfuz etməyəcək və bu ərazidə Rusiyanın hegemonluğunu bölüşəcək. Üstəlik, Trampın hakimiyyətə gəlməsi ilə Ukraynadakı konfliktin də Rusiyanın böyük ölçüdə istədiyi şərtlərlə başa çatacağı ehtimalı Kremlin Cənubi Qafqaza diqqətini artıracaq.

Erməni siyasətçilərin fikrincə, “Ərdoğanın dostu” Putin İrəvanın bu illər ərzində etdiklərini unutmayacaq, Putinin ən yaxın məsləhətçisi və “adamı” Aleksandr Lukaşenko isə İlham Əliyevin dostudur.

Beləliklə, İrəvan üçün heç də yaxşı perspektiv görünmür. Buna görə də erməni siyasilər sülh sazişinin ən münasib şərtlərlə məhz yaxın bir neçə ayda bağlanmasının vacibliyini vurğulayırlar. Əks halda bir neçə aydan sonra şərtlər daha fərqli ola bilər.

Teqlər: