İki güləşçimiz Avropa çempionatının finalında!

İki güləşçimiz Avropa çempionatının finalında!

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycanı təmsil edən Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionatının finalına yüksəliblər.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.

Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.

Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb – 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.

Teqlər: