Ermənistanda müqaviləli əsgər və keçmiş hərbçi dövlətə xəyanət ittihamı ilə həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlum olub ki, keçmiş hərbçi xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşları ilə əlaqə yaradıb. Daha sonra mükafat qarşılığında onun bölməsinin mühafizəsində olan döyüş postunun yerləşdiyi yer, döyüş növbətçiliyinin sayı, onların silahları, döyüş tapşırığı və digər məlumatları toplayıb və xarici kəşfiyyatçıya təhvil verib. Həmçinin hərbi hissə komandirlərinin şəxsi və xidməti məlumatları, alay və taborun ştat cədvəlləri, hərbi texnikaya dair məlumatlar, mövqelərin yerləşmə koordinatları qarşı tərəfə ötürülüb.
Bundan əlavə, xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə keçmiş həmkarları ilə əlaqə saxlayıb, xüsusən N saylı hərbi hissənin və batalyonunun şəxsi heyəti, hərbi texnika ilə bağlı məlumatları öyrənməyə çalışıb, lakin tutulduğundan məlumatları ötürməyə macal tapmayıb. Keçmiş hərbçi xarici xüsusi xidmət orqanlarından 2800 dollar və 6000 rubl alıb.
Milli Təhlükəsizlik Xidmətinin dövlətə xəyanət maddəsi ilə başlatdığı digər işdə isə müqavilə əsasında xidmət edən hərbçinin də məlumat toplayıb xarici xüsusi xidmət orqanlarına ötürdüyü üzə çıxıb. Xüsusilə, o, hərbi hissə, zirehli texnika və maşınlar, döyüş mövqeləri barədə məlumat üçün 900 dollar əldə edib.
Saxlanılan hər iki şəxs əməlini etiraf edib.