İyulun 12-də Lerik rayonunun Rəzəvül kəndində “Niva” markalı avtomobillə qəzaya düşən şəxslər müəllim və həkim imiş.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Kamal Balamirzə oğlu Kazımov rayonda həkim, Balabəy Əzim oğlu Həmidov isə müəllim kimi fəaliyyət göstərib.
Eyni zamanda yaxın dost olan şəxslər K.Kazımova məxsus avtomobillə hərəkətdə olarkən qəzaya düşüblər. Vəziyyəti daha ağır olan Kazımov reanimasiya şöbəsinə yerləşdirilib və orada vəfat edib. B.Həmidov isə Bakıdakı xəstəxanaya köçürülüb.
Qeyd edək ki, hadisə iyulun 13-nə keçən gecə baş verib.
Faktla bağlı araşdırma aparılır.