Osmanlı hökmdarı III Sultan Muradın hakimiyyəti illərində (1574-1595) Naxçıvan, Qars, Ərzurum və Tokatdan çoxsaylı etnik azərbaycanlı ailələr Bosniya ərazisinə köçürüb. Aradan yüzilliklər keçməsinə baxmayaraq, onlar indiyə qədər milli identiklik və genetik yaddaşlarını qoruyub saxlaya biliblər.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri, professor Vilayət Quliyev paylaşım edib.
Professor bildirib ki, bu haqda boşnak bəstəkarı, Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının məzunu, Azərbaycan musiqisinə dərin bələdliyi ilə seçilən Ənvər Haliliç Feysbuk hesabında yazıb.
Sözügedən paylaşımı təqdim edirik:
“Özlərini boşnak saysalar da, Azərbaycanla tarixi bağlarını (bu, özünü daha çox milli mətbəx və musiqidə göstərir) itirməyiblər. Ənvər Haliliçin yazdığına görə, azərbaycanlı boşnaklar Bosniya tarixinə bir sıra tanınmış simalar veriblər. Bosniyanın milli qəhrəmanları Adil Beşiç, Xeyrəddin Meşiç, Adnan Vahidxocayeviç, Ckupşinanın (Parlament) deputatı Azər Başiç, Bosniya və Herseqovinanın futbol üzrə milli yığma komandasının oyunçusu Eldar Çeviç mənşəcə etnik azərbaycanlıdır”.
V.Quliyev həmçinin qeyd edib ki, Ənvər Haliliçin ana nənəsi də azərbaycanlı olduğundan, o özünü qismən azərbaycanlı hesab edir.