Cari ilin II rübü ərzində Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı ümumilikdə 2056 müraciətə baxılıb.
Energetika Nazirliyindən AzerTimes-a bildirilib ki, daxil olan müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, borc və cərimələr, qazlaşdırma, sayğaclarda yaranan qüsurlar, icazələr, işlə təminat, müxtəlif mövzularla bağlı sorğular və digər məsələləri əhatə edib.
Rüb ərzində 1040 müraciət müvafiq qaydada araşdırılaraq cavablandırılıb, 668 müraciət hazırda icradadır, 348 müraciət isə məlumat xarakterlidir.
Hesabat dövründə Nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 12 video qəbul təşkil edilib, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bu dövrdə Nazirliyin facebook səhifəsi vasitəsilə 20 müraciət daxil olub ki, bu müraciətlər aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib, bəzi sorğular isə müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.