Xəbər - Ləman Zeynalova – Trend:
Yunanıstanla Bolqarıstan arasında qaz interkonnektorunun (IGB) tikintisində ləngimələr olacağı təqdirdə “Bulgargaz” şirkəti Azərbaycan qazının alternativ marşrutla tədarükünün davam etdirilməsi ilə bağlı təcili danışıqlara başlamalı olacaq.
Trend bu barədə “Bulgargaz”ın açıqlamasına istinadən məlumat verir.
Açıqlamada qeyd olunur ki, hazırda IGB-nin tikintisində ləngimələrlə əlaqədar Azərbaycan qazı Bolqarıstana alternativ marşrutla nəql olunur. İllik bir milyard kubmetr qazın tədarükünün razılaşdırılmasına baxmayaraq, Bolqarıstan Azərbaycandan 350 milyon kubmetrə yaxın təbii qaz əldə edir. Azərbaycanla sazişin müddəti 2022-ci il iyunun 30-da başa çatır.
“Bulgargaz” bildirir ki, mövcud vəziyyətin dərin təhlilindən və qiymətləndirilməsindən sonra Azərbaycan tərəfi ilə marşrutun dəyişdirilməsi ilə bağlı da danışıqlar aparılıb.
Qeyd edək ki, IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)