İftar yeməyi hissələrə bölünməlidir. AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə
Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova deyib.
G.İsmayılovanın orucluqda düzgün qidalanma ilə bağlı
müsahibəsini təqdim edirik
– Günay xanım, oruc tutmağın insan orqanizminə faydası və zərəri
nələrdir?
– Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində
fərqlənmə müşahidə olunur. İmsaq və iftar zamanı qəbul etdiyimiz
qidalardan insan orqanizmi qüvvətlənir. Bu qidalardan alınan enerji
tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və
yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur. Bunun
orqanizm üçün böyük faydası var. Gün ərzində tez-tez çay və qəhvə
kimi içkilərə üstünlük verənlər oruc tutarkən bəzən kofein
çatışmazlığından özlərini narahat hiss edirlər. Bu vəziyyət
başlanğıcda baş ağrısı və yorğunluğa səbəb olsa da, bir müddət
sonra orqanizm buna alışır.
– Ramazan ayında hansı qidalara üstünlük verilməsini məsləhət
görərdiz?
– Bu ayda mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək
üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi
xörəklərdən az istifadə edilməsi tövsiyə olunur. Gün ərzində
enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara
üstünlük verilməlidir. Həmçinin çox yağlı və tərkibində karbohidrat
olan un məmulatlarından az istifadə olunması məsləhət görülür.
Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq
olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq
qidanın daxil olması spazmalara səbəb ola bilər.
– Kimlər oruc tuta bilməz?
– Oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən
analara tövsiyə olunmur. Mədə-bağırsaq traktının xroniki
xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi
xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə
həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur.
– Bəzi insanlar sahura (oruc üçün səhər yeməyi) qalxmırlar. Bu
nə dərəcədə düzgündür? Ümumiyyətlə, oruc tutanlar səhərlər hansı
qidalara üstünlük verməlidirlər?
– Sahura qalxmadan oruc tutmaq sağlamlıq üçün çox təhlükəlidir,
çünki səhər yeməyi son dərəcə vacibdir. Sahura qalxmağı vərdiş
etmək orucun əsas şərtlərindən biridir. Bu həm aclıq hissini
azaldacaq, həm də maddələr mübadiləsinin sürətini qorumağa kömək
edəcək.
İftarla müqayisədə imsak zamanı daha yüngül və uzun müddət
ərzində aclıq hissindən yayındıran qidalardan istifadə etmək
tövsiyə olunur. Belə ki, zülalla zəngin süd məhsulları (qatıq, süd,
ayran), yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər istifadə
etmək lazımdır. Uzun müddət aclıq hiss etməmək üçün məsləhət
görülür ki, kəpəkli undan hazırlanmış çörəkdən istifadə olunsun.
Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu isə uzun
zaman ac qalmağa kömək edir.
İmsak vaxtı liflərlə zəngin olan meyvələrin qəbulu çox
əhəmiyyətlidir. Bununla da gündəlik meyvə ehtiyacı ödənmiş
olunacaq. Ədviyyatlı və ya həddindən artıq duzlu qidalar
susuzlaşdıra, orucu çətinləşdirə biləcəyindən onların qəbulu
tövsiyə olunmur.
– Oruc tutan şəxslərə iftarla bağlı məsləhətləriniz…
– Mədəni birdən-birə çox yükləmək olmaz. Belə ki, aclıq zamanı
maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və
qəbizliyə səbəb ola bilir. Bundan başqa, davamlı qida qəbulu ani
təzyiq və şəkər yüksəlməsinə səbəb ola bilər. Ona görə də iftar
hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır,
daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir
az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə
zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə
bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın,
hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda
dəmləyib içilməsi orqanizm üçün faydalıdır.
Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu
vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye
və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin
iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət
görülür.