Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökuməti ilə
dayanıqlı maliyyə sektorunun inkişafı üzərində işləyəcək.
Bunu Trend-ə
özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri
İvana Fernandes Duarte deyib.
“Dünyanın COVID-19 pandemiyasından çıxdığı vaxtda IFC özəl
sektor diqqət mərkəzində olmaqla dayanıqlı, inklüziv artım yolunda
Azərbaycanı dəstəkləməyə hazırdır. İqlim dəyişiklikləri ilə
mübarizə bizim qlobal prioritetlərimiz sırasında olduğu üçün
“yaşıl” və dayanıqlı bərpanın dəstəklənməsi IFC-nin Azərbaycandakı
başlıca prioritetlərindən biridir. Priroritetlər enerji keçidinin
dəstəklənməsi və alternativ enerji mənbələrindən elektrik enerjisi
istehsalına investisiyaları əhatə edir. Azərbaycan 2030-cu ilədək
parnik qazı tullantılarının 35 faiz azaltmaq öhdəliyi götürüb. Bu
kontekstdə dənizdə külək enerjisi daha çox vədedici görünür. Dünya
Bankının Enerji sektorunun idarə olunmasına yardım proqramının
təqdim etdiyi təhlilə əsasən, Azərbaycanın dənizdə külək enerjisi
potensialı 157 giqavatt təşkil edir. Bu, Azərbaycanın təxmin 8
giqavatt səviyyəsində ümumi generasiya gücü ilə müqayisədə nəhəng
göstəricidir”, – İ.Duarte bildirib.
O qeyd edib ki, IFC artıq Azərbaycan Energetika Nazirliyi ilə
ölkənin bərpa olunan enerji mərkəzinə çevrilməsi üçün yol
xəritəsinin hazırlanmasna başlayıb.
Regional menecer əlavə edib ki, bu iş IFC-nin Dünya Bankının
Enerji sektorunun idarə olunmasına yardım proqramı ilə birgə
təşəbbüsün hissəsidir.
“Biz, həmçinin IFC-nin dəstəklədiyi Dayanıqlı bankçılıq və
maliyyə şəbəkəsinin (SBFN) iştirakçısı qismində Azərbaycan Mərkəzi
Bankı ilə əməkdaşlığa ümid edirik. Bu səylər çərçivəsində IFC
hökumətlə Azərbaycanın dayanıqlı və “yaşıl” iqtisadiyyata keçidini
dəstəkləyəcək dayanıqlı maliyyə sektorunun inkişafı üzərində
işləyəcək”, – İ.Duarte deyib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)