IFC Cənubi Qafqaz üzrə yeni regional menecer təyin edib

Beynəlxalq Maliyyə Korporasiyası (BMF) İvana Fernandes Duarteni Cənubi Qafqaz üçün yeni Regional Menecer vəzifəsinə təyin edib.

Qurumdan AzerTimes-a verilən məlumata görə, BMF-nin Tbilisi ofisindən o, Ermənistan, Azərbaycan və Gürcüstanda əməliyyatları əhatə edəcək.

İvana Fernandes Duarte BMF-nin Qərbi Avropa ölkələri üzrə menecer vəzifəsinə təyin olunmuş Yan van Bilsen və son bir neçə ayda Regional menecer vəzifəsini icra edən İFC-nın Avropa və Mərkəzi Asiya Əməliyyatları üzrə rəhbəri Cesper Kyaerin əvəzləyib.

Slovakiyalı Fernandes Duarte BMF-yə beynəlxalq maliyyə sahəsində 20 ildən çox təcrübəsi ilə qatılır. Avropa Yenidənqurma və İnkişaf Bankında və “Citigroup”da müxtəlif vəzifələrdə çalışmışdır. Bu vəzifələri tutarkən o, özəl infrastrukturun inkişafı və maliyyələşdirilməsinə, eləcə də müxtəlif sektorlar üzrə ölkə idarəçiliyinə diqqət yetirmişdir. İnkişafın maliyyələşdirilməsi üzrə fəaliyyətdən əvvəl İ.Duarte layihələrin maliyyələşdirilməsi və inkişaf etməkdə olan bazarlarda investisiya bankçılığı sahəsində işləyib.

BMF-nin Avropa və Mərkəzi Asiya Direktoru Viebke Şlomer qeyd edib ki, BMF-nin Cənubi Qafqazdakı yeni Regional Menecerinin rolu, ölkələrin COVID-19 pandemiyasının yaratdığı misli görünməmiş problemlərin öhdəsindən gəldiyi dönəmdə xüsusilə əhəmiyyətlidir: “Xüsusən də bölgədəki zəngin təcrübəsindən yararlanaraq özəl sektorun gücündən istifadə etmək üçün ölkələrin hər birində keçmiş nailiyyətlərimizi daha da inkişaf etdirməyə çalışacağıq.”

Fernandes Duarte karyerasına Slovakiya Baş Naziri aparatında başlayıb. İspaniyanın Barselona şəhərindəki IESE Business Məktəbdə MBA və Slovakiya İqtisad Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsini alıb.

BMF-nin Cənubi Qafqaz üzrə yeni Regional Meneceri Fernandes Duarte qeyd edib: “Pandemiya artım perspektivlərini ləngitməsinə baxmayaraq, iqtisadiyyatların bərpa prosesində özəl sektorun rolu həlledici olacaq. Mövcud vəziyyətdə BMF-nin Cənubi Qafqazdakı prioriteti iqlim dəyişikliyi, rəqəmsallaşma və kapital bazarlarının inkişafına diqqət yetirərək yaşıl, dayanıqlı bərpa məsələlərində kömək olacaq. Bazar və investisiya imkanları yaratmağa yönəlmiş islahatlara dəstək vermək üçün layihələrini davam etməyə planlaşdırırıq.”

Teqlər: