İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının gündəliyi açıqlanıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri
Şurasının martın 22-23-də İslamabadda keçiriləcək 48-ci
sessiyasının gündəliyi açıqlanıb.

Trend İƏT Baş Katibliyinin mətbuat üçün açıqlamasına istinadla
xəbər verir ki, “Birlik, ədalət və tərəqqi naminə tərəfdaşlıq”
mövzusunda keçiriləcək sessiyanın açılışında İƏT-in Baş katibi
Hissein Brahim Tahanın müraciəti, həmçinin təşkilatın fəaliyyəti
barədə hesabat dinləniləcək.

Sonra İƏT-in İslam dünyasında müxtəlif problemlərin həlli ilə
bağlı qəbul etdiyi qətnamələrin icrası üzrə məruzələr olacaq.
Xarici siyasət idarələrinin rəhbərləri Fələstin və Qüds,
Əfqanıstanda humanitar vəziyyət, Cammu və Kəşmir problemi, bununla
bağlı İƏT-in Kontakt Qrupunun fəaliyyəti, həmçinin Afrika
ölkələrinə yardım məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, illik sessiyada BMT, Avropa İttifaqı(Aİ) və Rusiya
Federasiyası ilə əməkdaşlığın perspektivləri ətrafında fikir
mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Avropada müsəlmanların
vəziyyəti ilə əlaqədar xüsusi iclas da keçiriləcək.

Gündəlikdə terrorizmlə mübarizə və münaqişələrin həllinə dair
Niameydə keçirilmiş əvvəlki sessiyanın qətnaməsinin yerinə
yetirilməsi, İslamofobiya üzrə müşahidə qrupunun hesabatı, İslam
ölkələrində iqtisadi, sosial, humanitar və mədəni inkişaf
məsələləri də var.

İƏT-in Baş katibliyi bildirib ki, artıq 46 ölkənin xarici işlər
nazirləri sessiyada iştirakını təsdiqləyib.

Teqlər: