İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 30 ilə yaxın müddətdə Azərbaycana məxsus ərazilərin işğal altında qalmasını pisləyir. Ümumiyyətlə, İƏT hər zaman bu məsələdə obyektiv və ədalətli mövqe sərgiləyərək, Azərbaycana siyasi dəstək verib. Bu mənada təşkilatın Təmas Qrupu üzvlərinin Azərbaycana – Gəncəyə və işğaldan azad olunmuş ərazilərə səfəri həqiqətlərin dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, bu missiyanın tərkibində təmsil olunanların əksəriyyəti 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, həmin ərazilərə səfər edirdilər:
“Məlumdur ki, 2016-cı ilin aprelində İstanbulda keçirilən XIII zirvə görüşündə İƏT çərçivəsində və xarici işlər nazirləri səviyyəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupu yaradılıb. 7 ölkədən ibarət Qrupun ilk iclası 2016-cı ildə İstanbul sammiti çərçivəsində keçirilib. Bu illər ərzində qrup fəaliyyətini münaqişənin həllinin sürətləndirilməsi və böyük dövlətlərin diqqətini bu məsələyə yönəltmək istiqamətində qurub. BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində təmas qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası da keçirilmişdir. Yəni, Təmas Qrupunun qısamüddətli, lakin səmərəli fəaliyyəti münaqişənin daim diqqətdə saxlanması işinə əlavə töhfə verib.
Postmühribə dövründə İƏT-ə üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərməkdədir. Bu ölkələr yeni dövrdə həm də bərpa prosesində Azərbaycanın yanındadırlar. İndiki mərhələdə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətin dünyaya çardırılması olduqca vacibdir. Nümayəndə heyəti azad olunmuş ərazilərə səfər zamanı qeydə aldıqları təəssüratlarını gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşündə də gündəmə gətirəcəklər. Məsələ ilə bağlı böyük ehtimal, çağırışlar da səslənəcək. Eyni zamanda, azad olunmuş ərazilərin bərpasına dəstək məqsədilə çağırışlar da nəzərdə tutulur.
Yəni, münaqişə Azərbaycanın iradəsi sayəsində həllini tapıb və Təmas Qrupu post-müharibə dövründə də fəaliyyətini davam etdirir. İndi müharibə dövrünün dünyaya çatdırılmasına daha çox ehtiyac var, çünki biz artıq azad olunmuş ərazilərdən real faktları təqdim edirik. Ermənistan mütləq şəkildə Azərbaycana qarşı bu illər ərzində həyata keçirdiyi terror aktklarına görə cavab verməlidir. Biz İƏT başda olmaqla bütün beynəlxalq platformalar üzərindən postmüharibə dövründə də fəallığı artırmalı, beynəlxalq müstəvidə ədalətli yanaşma sərgiləyən tərəfdaşlarımızla əməkdaşlığımızı daha da dərinləşdirməliyik.