İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA)
Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana
keçəcək.
AzerTimes-ın
məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova mayın
16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının
(İƏTPA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə
səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir
Hüsseyn ilə görüşündə deyib.
Görüşdə spiker Sahibə Qafarova ölkəmizin İƏTPA ilə əməkdaşlığa
böyük əhəmiyyət verdiyini qeyd edib. O, deyib ki, Azərbaycan
İƏTPA-nın fəaliyyətinin gücləndirilməsində və təşkilata üzv
ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın
genişləndirilməsində maraqlıdır. Spiker bunun təsdiqi kimi,
Azərbaycanın 2021-ci ildə İƏTPA-nın nizamnaməsini ratifikasiya
etdiyini xatırladıb.
Milli Məclisin sədri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi
etdiyini, tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana
keçəcəyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan təşkilata
sədrliyi dövründə İƏTPA-nın fəaliyyətinin gücləndirilməsi
istiqamətində müvafiq səylər göstərəcək.
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş
katibi Tahir Hüsseyn görüşə və göstərilən qonaqpərvərliyə görə
minnətdarlığını bildirərək, Milli Məclisin Konfransın keçirilməsi
ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin
Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırki
səviyyəsindən razılığını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.