İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərdə “Marağa 150” abidəsinə baxış keçirib

Tərtər. Trend:

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti faktaraşdırıcı missiyanın davamı olaraq Tərtər rayonuna səfəri çərçivəsində Marağa 150 abidəsinə baxış keçirib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, burada nümayəndə heyətinə abidə haqqında məlumat verilib.

Qeyd edək ki, Marağa-150 abidəsi – Azərbaycan SSR-in Ağdərə rayonunun (Mardaket) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə tikilib. Ermənilərin ərazi iddialarını ifşa edən bir abidədir.

Üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda dağıdılmışdı. “Marağa-150” dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıntıları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir.

1828-ci ildə Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsindən sonra, Qacar imperiyası ilə bağlanan Türkmənçay müqaviləsinə əsasən ermənilər Qarabağ, Naxçıvan və İrəvana köçürülməli idi. Nəticədə, ilk köçlər ərəfəsində 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürüldü. Ermənilər məskunlaşdıqları ərazini Marağa adlandırsalar da, sonralar kəndin adını erməniləşdirilərək Marağaşen (ermənicə “Marağa kəndi”) adlandırdılar.

Abidəni ermənilər Qarabağa köçürülmələri ilə bağlı özləri ucaldıblar. Hətta Sankt-Peterburq arxivində çox məşhur bir erməni tarixçinin də yazısı da tapılıb. Həmin erməni tarixçi 1930-cu ildə yazır ki, Qarabağın dağlıq hissəsi əzəli Azərbaycan torpağıdır, ermənilərin bu bölgəyə heç bir aidiyyəti yoxdur. Həmin yazının da arxiv materialı kimi surəti çıxarılıb səfirlərə nümayiş etdirildi. Ermənilər bu təqdimatdan ciddi narahatlıq keçirdilər. Çünki özlərini buranın yerli əhalisi kimi qələmə vermək və ərazi iddialarını əsaslandırmaq kimi 25 illik yalanları bir “Marağa abidəsi” ilə alt-üst oldu.

Tutarlı və mühüm tarixi siyasi əhəmiyyətə malik “Marağa-150” abidəsinin və tarixi sənədlərin bərpa olunması erməni seperatçılarının məkrli məqsədlərini və yalanlarını ifşa etmək üçün əhəmiyyətli dəlildir.

Teqlər: