Bu gün Ankara şəhərində Türkiyənin Baş Ombudsmanı və İslam
Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf
Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən 14-19
sentyabr 2021-ci il tarixlərində Azərbaycana səfər çərçivəsində
Şuşa, Ağdam və Tərtər şəhərlərində aparılmış yerində araşdırmaların
nəticələri əsasında hazırlanmış hesabatın təqdimatı keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Ombudsman Aparatından
məlumat verilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva təqdimat mərasimində iştirak edərək,
hesabatla bağlı fikirlərini bildirib.
Qeyd olunub ki, hesabatın hazırlanmasında əsas məqsəd zorla
doğma yurdlarından qovulmuş ailələrin evlərinə geri qayıtması üçün
Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsinin təşviq
olunması, bu məsələ ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın
və təzyiqlərin artırılması, işğal dövründə, eləcə də 44 günlük
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş
insan hüquq pozuntularına qiymət verilməsidir.
Təqdimat zamanı diqqətə çatdırılıb ki, yerində araşdırmalar
çərçivəsində işğaldan azad edilmiş ərazilərdəki dağıdılmış
tarixi-mədəni abidələrə baxış keçirilib. Həmçinin nümayəndə
heyətinin Azərbaycan torpaqlarında yerləşdirilən və xəritələri
verilməyən yüz minlərlə minanın basdırıldığı ərazilərə səfər edərək
minatəmizləmə prosesi ilə tanış olduğu da vurğulanıb.
Mətbuata verilən açıqlamalar zamanı Ermənistanın Birinci Qarabağ
müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının
taleyi barədə məlumat verməməsi, habelə mina probleminin ciddi
təhlükə olaraq qalması barədə danışılıb